Rusiyanın Ukrayna ərazisinə endirdiyi raket zərbələrindən sonra Zaporojye vilayətindəki Dnepr su elektrik stansiyasının (DneproSES) bəndi üzərindən nəqliyyatın hərəkəti dayandırılıb.
Suinfo.az xəbər verir ki, bənd üzərindəki yolun bağlanması ötən gecə Zaporojye ərazisinin raket atəşinə tutulması ilə əlaqədardır. Vilayət administrasiyasının başçısı İvan Fyodorovun sözlərinə görə, regionun enerji infrastrukturu zədələnib.
Ukraynanın Dnepropetrovsk, Kirovoqrad və İvano-Frankivsk vilayətlərindəki energetika obyektləri də raket zərbələrinə məruz qalıb. Zərbələr nəticəsində iki istilik elektrik stansiyası zərər görüb.
Rusiya Ukraynadakı mülki obyektlərə hücumlarını davam etdirir. İyunun 1-nə keçən gecə Ukraynanın demək olar ki, bütün ərazisində hava həyəcanı səslənib. Ukrayna Ordusunun məlumatına görə, Rusiya ölkə ərazisinə 53 müxtəlif tipli raket və 47 PUA ilə hücum edib. Hərbi Hava Qüvvələri 35 raketi və 46 PUA-nı zərərsizləşdirə bilib.
(Azərtac)