Gürcüstanın ən böyük su elektrik stansiyasi olan İnquri SES aprelin 2-dən fəaliyyətini müvəqqəti dayandırıb.
Suinfo.az xəbər verir ki, bu barədə SES-dən məlumat verilib.
Bildirilir ki, su elektrik stansiyasının dayandırılmasına səbəb istiqamət dəyişdirici tunelin (SES-in turbinlərinə suyun verilməsi və ya turbinlərdən suyun boşaldılması üçün nəzərdə tutulmuş hidravlik tunel) yoxlanılması və zəruri hallarda təmizlənməsidir. Tunelə baxış keçirildikdən və lazımı işlər aparıldıqdan sonra İnquri SES fəaliyyətini adi qaydada davam etdirəcək.
Tunelin təmiri sızma nəticəsində yaranan su itkilərini əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da gələcəkdə stansiyasının istehsal etdiyi elektrik enerjisinin həcminə təsir göstərəcək. Enerji itkiləri təxminən 100 milyon kilovat-saat, yəni 30-35 faiz azalacaq.
Yenidənqurma layihəsinin ümumi dəyəri 45 milyon avro təşkil edir. Bu vəsaitin 7 milyonu Avropa Komissiyası tərəfindən qrant olaraq verilir, 38 milyon avrosu isə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit olaraq ayrılıb.
İnquri SES 1978-ci ildə istifadəyə verilib. Hazırda müəssisənin quraşdırılmış gücü 1300 MVt təşkil edir ki, bu da Gürcüstanın elektrik enerjisinə tələbatının yarısını ödəyir.
Şirkət iddia edir ki, SES-in dayandırılması əhalinin elektrik enerjisi ilə təminatına təsir göstərməyəcək. Lakin ekspertlərin fikrincə, bu müddət ərzində xaricdən daha çox elektrik enerjisi idxal olunacaq. Gürcüstan ən çox Azərbaycandan elektrik enerjisi idxal edir.
(Azərtac)