Yaponiyada “Fukusima-1” AES-dən suyun axıdılması bərpa olunub

Yaponiyada “Fukusima-1” AES-dən suyun axıdılması bərpa olunub

Dünya

15 Mart 2024, 14:46

Fövqəladə vəziyyətdə olan “Fukusima-1” AES-in operatoru ölkənin şimal-şərqində cümə axşamından cümə gününə keçən gecə baş vermiş 5,8 bal gücündə zəlzələdən sonra dayandırılmış təmizlənmiş suyun stansiyadan axıdılmasını bərpa edib. Bu barədə “Tokyo Electric Power” operator şirkəti məlumat yayıb.

 

Suinfo.az xəbər verir ki, tektonik təsir nəticəsində sistemlərə mümkün zərərin müəyyən edilməsi məqsədilə suyun axıdılması dayandırılıb. Heç bir nasazlıq və ya zədə aşkar edilmədiyi vurğulanır.

 

Cümə günündən şənbəyə keçən gecə Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib. Ölkənin Milli meteorologiya idarəsinin məlumatına görə, zəlzələnin episentri Fukusima prefekturasının yaxınlığında olub. 2011-ci ildə Sakit Okeanın sahilində təxminən eyni yerdə 9 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanlardan əvvəl ümummilli fövqəladə xəbərdarlıq sistemi işə salınıb və yaxınlaşan zəlzələ ilə bağlı yerli sakinlərin mobil cihazlarına məlumat göndərilib. Tektonik zərbədən sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, lakin bir neçə dəqiqə sonra həmin xəbərdarlıq ləğv edilib.

 

Yeraltı təkanlar Fukusima, Miyaqi və Tokio prefekturaları da daxil olmaqla, şimal-şərq və mərkəzi Yaponiyanın yeddi əyalətində də hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 

Hazırda AES ərazisində 1,34 milyon tondan çox su yığılıb. Bununla əlaqədar Yaponiya hökuməti tədricən təmizlənmiş suyu okeana buraxmaq qərarına gəlib. Bu əməliyyat 30-40 il çəkəcək. Su təmizlənir, lakin tərkibində hələ də tritium var və onu çıxarmaq mümkün deyil. Bu maddənin miqdarı dəniz suyu vasitəsi ilə seyrəldilir. Tritiumun icazə verilən maksimum konsentrasiyası litr başına 1500 bekkereldir. Yaponiya hakimiyyət orqanları və MAQATE tərəfindən okeanda aparılan ölçmələr göstərilən parametrlərə uyğunluğu təsdiqləyir. Mart ayında stansiyanın mütəxəssisləri suyun axıdılmasının dördüncü mərhələsinə başlayıblar. Bu mərhələ çərçivəsində əvvəlki kimi sutkada 500 tondan çox olmayan partiyalarla təxminən 7,8 min tona yaxın suyun axıdılması planlaşdırılır.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et