Martın 1-də Ümumdünya Dəniz Otları Günü qeyd edilir

Martın 1-də Ümumdünya Dəniz Otları Günü qeyd edilir

1 Mart 2024, 11:22

2022-ci ilin may ayında BMT Baş Assambleyası 1 mart tarixinin Ümumdünya Dəniz Otları Günü elan edilməsinə dair qətnamə qəbul edib. Qətnamədə bildirilir ki, ekosistem xidmətlərinin və funksiyalarının təkmilləşdirilməsinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vacibliyi nəzərə alınaraq, bu sahədə bütün səviyyələrdə məlumatlılığın artırılması, habelə insan sağlamlığına və inkişafa töhfə verən dəniz florasının mühafizəsi üzrə tədbirlərin təşviq edilməsi və asanlaşdırılması zəruridir.

 

Suinfo.az xəbər verir ki,  bu barəd BMT-nin saytında məlumat verilib.

 

Bildirilir ki, dəniz otları tropiklərdən Arktika dairəsinə qədər dünyanın bir çox yerlərində dayaz sularda rast gəlinən çiçəkli bitkilərdir. Onlar mürəkkəb, yüksək məhsuldar və bioloji cəhətdən zəngin yaşayış yerləri yaradaraq, geniş sualtı çəmənliklər əmələ gətirirlər. Okeanın dibinin yalnız 0,1 faizini əhatə edən bu çəmənliklər minlərlə balıq, dəniz atları, tısbağalar və digər su canlıları növlərini qida və sığınacaqla təmin edir. Onlar qida və çirkləndiriciləri də süzərək suyun keyfiyyətini yaxşılaşdırır, dəniz məhsullarında çirklənməni azaldır. Yüksək səmərəli karbon süzgəcləri dünya okeanında karbonunun 18 faizə qədərini saxlaya bilir, bu da onları iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə güclü amilə çevirir. Okean suyunun turşluğunu da aşağı salan bu çəmənliklər, həm də mərcan rifləri kimi ən həssas ekosistemlərin və növlərin davamlılığına töhfə verir. Dəniz otları sahil bölgələrinin əhalisi üçün dalğaların enerjisini azaldır, həmçinin insanları artan daşqın və fırtına riskindən qoruyur.

 

Davamlı inkişafa, iqlim dəyişikliyinin təsirinin azaldılmasına verdiyi mühüm töhfəyə baxmayaraq, dəniz biomüxtəlifliyinin bu əsas komponenti təhlükə altındadır. Belə ki, bütün çəmənliklərin yalnız dörddəbiri dənizlərin qorunan ərazilərinə düşür.

 

Dəniz otları 1930-cu illərdən bəri qlobal miqyasda azalır və ən son siyahıyaalma hər il bu əsas yaşayış mühitinin 7 faizinin yox olduğunu göstərir. Bu yaxınlarda qeyd edilib ki, dəniz otu növlərinin 21 faizi Beynəlxalq Təbiəti Mühafizə Birliyinin “Təbiətin Qırmızı Siyahısı”na uyğun olaraq təhlükə altına düşən, həssas və nəsli kəsilməkdə olan növlər kateqoriyasına daxildir.

 

Sahil regionlarının inkişafının, çirklənmənin, o cümlədən qurudan su axınının, iqlim dəyişikliyinin, tənzimlənməmiş balıqçılıq və qayıqla gəzinti fəaliyyətinin birgə təzyiqləri dəniz otlarının və onlarla əlaqəli ekosistemlərin deqradasiyasının əsas amilləridir.

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et