BMT-nin Ətraf Mühit üzrə Assambleyasının Nayrobidə başlanan sessiyasının nümayəndələri çoxtərəfli yanaşmanın “üçqat planetar böhran”a - iqlim dəyişməsi, biomüxtəlifliyin itirilməsi və ətraf mühitin çirkləndirilməsinin aradan qaldırılmasına necə kömək edə biləcəyini müzakirə edirlər.
Suinfo.az xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersenin sözlərinə görə, bu böhran planetdə milliyyətindən, dərisinin rəngindən, dinindən və cinsindən asılı olmayaraq hər bir insanın üzərinə kölgə salır.
Sessiyanın gedişində siyasi liderlərin 20 qətnamə layihəsini müzakirə edəcəkləri gözlənilir. Bu layihələrdə havanın keyfiyyətini qorumaq, iqlim dəyişmələri problemlərinin həlli ilə məşğul olmaq, kimyəvi çirklənməni məhdudlaşdırmaq, səhralaşma ilə mübarizə aparmaq və biomüxtəlifliyin itirilməsinə son qoymaq üzrə ölkələrə çağırışlar yer alır.
UNEP qətnamələri icbari hüquqi qüvvəyə malik deyil, lakin qlobal ekoloji sazişlərə və milli siyasətin təkmilləşdirilməsinə doğru atılan ilk mühüm addım hesab olunur.
Siyasi liderlər Assambleyanın sessiyasından Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında yenidən irəliləyişə çağırış üçün istifadə etməyi də planlaşdırırlar. Hazırda 2030-cu ilədək nail olunacaq məqsədlərin cəmi 15 faizi icra prosesindədir.
Hər iki ildə bir dəfə BMT-nin bütün 193 iştirakçı dövləti Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə Assambleyasına (UNEA) toplaşır ki, ən mühüm ekoloji problemləri kollektiv şəkildə həll etsinlər. “Ətraf mühit üzrə dünya parlamenti” adlandırılan UNEA çərçivəsində ekoloji siyasətin prioritetləri müəyyən olunur və bu məsələ üzrə beynəlxalq qanunvericilik işlənib hazırlanır.
UNEA BMT-nin Braziliyada keçirilən dayanıqlı inkişaf konfransının yekunları üzrə (Rio+20) 2012-ci ildə yaradılıb. Bu, ekoloji məsələlərə də eynilə sülh və təhlükəsizlik, yaxud səhiyyənin qlobal problemləri kimi əhəmiyyət verildiyi çoxtərəfli əməkdaşlığın yeni minilliyinin başlanğıcını göstərir.
Uzun illər ərzində UNEA vəhşi heyvanlarla qanunsuz ticarətə qarşı mübarizə, silahlı münaqişələr zonasında ətraf mühitin mühafizəsi, nəqliyyat planlaşdırması və s. kimi mövzular üzrə mühüm qətnamələr qəbul edib.
2022-ci ildə Ətraf mühit üzrə Assambleyanın sessiyasında danışıqlar zamanı plastik çirkləndirmənin aradan qaldırılması üzrə hüquqi qüvvəyə malik ilk beynəlxalq sənəd üzərində iş başlayıb. Bu sənədin 2024-cü ilin sonlarında hazır olacağı gözlənilir.