2,2 milyard insanın təmiz suya çıxışı yoxdur - BMT

2,2 milyard insanın təmiz suya çıxışı yoxdur - BMT

27 Avqust 2024, 10:42

Birləşmiş Millətlər Təşkilatı (BMT) Davamlı İnkişaf Məqsədlərinin (SDG) 6-cı bəndində nəzərdə tutulan dünya əhalisinin 2030-cu ilədək təmiz su və sanitar qovşaqlara əlçatanlığı ilə bağlı yeni hesabat yayıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytı hesabat yayıb.

 

Hesabatda təmiz suya, kanalizasiyaya və gigiyenaya çıxışın insan sağlamlığı və rifahı üçün ən əsas ehtiyac olduğu vurğulanıb. Qeyd edilib ki, bu sahədə tərəqqi dörd dəfə artmasa, 2030-cu ildə milyardlarla insan bu əsas xidmətlərdən məhrum olacaq. Əhalinin sürətli artımı, urbanizasiya və kənd təsərrüfatı, sənaye və enerji sektorlarında tələbat bu problemi daha da aktual edir.

 

BMT bildirir ki, təmiz suya tələbat əhali artımını üstələyib və dünya əhalisinin yarısı artıq ildə ən azı bir ay ciddi su qıtlığı yaşayır. İqlim dəyişikliyi nəticəsində qlobal temperaturun artması ilə su qıtlığının artacağı proqnozlaşdırılır. İnfrastruktur və kanalizasiya obyektlərinə investisiyalar, su ilə əlaqəli ekosistemlərin qorunması və bərpası, gigiyena təhsili 2030-cu ilə qədər hamının təhlükəsiz və münasib qiymətə içməli suya universal çıxışını təmin etmək üçün zəruri addımlar sırasında yer alır.

 

Hesabatda qeyd olunur ki, sözügedən sahədə müsbət irəliləyiş var. 2015-2023-cü illər arasında təhlükəsiz idarə olunan içməli suya çıxışı olan dünya əhalisinin nisbəti 69 faizdən 73 faizə yüksəlib.

 

Suyun təkcə sağlamlıq üçün deyil, həm də yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyi, sülh və insan hüquqları, ekosistemlər və təhsil üçün də həmiyyətini vurğulayan BMT qeyd edir ki, hazırda ölkələr su qıtlığı, suyun çirklənməsi, deqradasiya olunmuş su ilə əlaqəli ekosistemlər və transsərhəd su hövzələri üzrə əməkdaşlıqla bağlı artan problemlərlə üzləşir.

 

Hesabatda deyilir: “2023-cü ildə 2,2 milyard insan hələ də təhlükəsiz idarə olunan içməli sudan, o cümlədən 703 milyon insan əsas su xidmətlərindən, 3,5 milyard insan təhlükəsiz idarə olunan sanitariyadan, 1,5 milyard insan əsas sanitariya xidmətlərindən məhrum olub. Suyumuzu davamlı şəkildə idarə etməklə biz həm də qida və enerji istehsalını artıra, layiqli işə və iqtisadi artıma töhfə verə bilərik. Bundan əlavə, biz su ekosistemləri, biomüxtəlifliyi qoruya və iqlim dəyişikliyinə qarşı tədbirlər görə bilərik”.

 

BMT bildirir ki, hər kəsin dayanıqlı su və kanalizasiya xidmətlərinə çıxışının təmin edilməsi qarşıdakı illər üçün iqlim dəyişikliyinin təsirini azaltmağın mühüm strategiyasıdır. Daha yaxşı infrastruktur və idarəetmə olmadan, hər il milyonlarla insan malyariya və ishal kimi su ilə əlaqəli xəstəliklərdən ölməyə davam edəcək, habelə biomüxtəliflik və ekosistemin dayanıqlılığında daha çox itkilər olacaq, əhalinin rifahı aşağı düşəcək.

 

Hesabatda bu sahədə vətəndaş cəmiyyətinin, hökumətlərin vacib rolu vurğulanır, su və gigiyena məsələləri ilə bağlı məlumat vermək və hərəkətə keçmək məqsədi daşıyan Ümumdünya Su Günü kampaniyalarında daha fəal iştirakın əhəmiyyəti qeyd olunur.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et