İsveçdə intensiv yağışlar çirkab suların dənizlərə və göllərə axmasına səbəb oldu

İsveçdə intensiv yağışlar çirkab suların dənizlərə və göllərə axmasına səbəb oldu

Dünya

19 Avqust 2024, 11:05

Leysan yağışları nəticəsində meydana gələn daşqınlar səbəbindən İsveçin kanalizasiya sistemlərinin boru kəmərləri və təmizləyici qurğuları həddindən artıq yüklənib, bu da çirkab suların İsveçin dənizlərinə və göllərinə axmasına gətirib çıxarıb.

 

Suinfo.az xəbər verir ki, güclü yağışlardan sonra təmizlənməmiş tullantı sularının axıdılması son iki ildə problemə çevrilib və İsveç əhalisi çimərliklərdə bakteriyaların yayılma riski ilə bağlı vaxtaşırı bildirişlər alır.

 

İsveçli su strateqi Erik Karlsson deyir: “Cari ildə bələdiyyələr tərəfindən bu məsələyə daha çox diqqət yetirildi, yəqin ki, Olimpiya Oyunları zamanı müzakirə edilən Sena çayında olduğuna bənzər problem yaranıb”.

 

Bir çox yaşayış məntəqələrində, xüsusən də köhnə şəhərlərdə həm çirkab suları, həm də yağış sularını axıdan boru kəmərləri şəbəkələri var. Suyun həcmi çox böyük olduğu üçün onlar tez-tez daşır.

 

Karlsson bildirib: “İqlim dəyişikliyi ilə əlaqədar güclü yağışlar daha intensiv hal alacaq və su obyektlərinə çox diqqət göstərmək lazım gələcək. Hesab edirik ki, uzunmüddətli perspektivdə su və kanalizasiya vergisinin 4 dəfə artırılmasına ehtiyac olacaq ki, bu da investisiya məsrəflərini ikiqat artıracaq.

 

Böyük həcmdə suyun idarə edilməsi üçün yeraltı boru kəmərləri sisteminin genişləndirilməsi bahalı prosesdir. Erik Karlssonun fikrincə, ən yaxşı həll yolu şəhərləri elə layihələndirməkdir ki, yağış suları kanalizasiyaya getməsin, yerin səthində təmizlənsin, çünki torpaq dəyişən şəraitə daha asan uyğunlaşır.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et