Su qıtlığı Aİ ölkələri arasında münaqişə yaradacaq

Su qıtlığı Aİ ölkələri arasında münaqişə yaradacaq

Dünya

7 Mart 2024, 09:55

Avropa İttifaqı ölkələri su ehtiyatlarının çatışmazlığı ilə bağlı fikir ayrılığına düşə bilərlər.

 

Suinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa Komissiyasının məxfi sənədinə istinadla məlumat yayıb.

 

Sənəddə bildirilir ki, tez-tez baş verən quraqlıqların əsrin sonunadək Avropa İttifaqının iqtisadi artımını yeddi faiz azaldacağı, infrastruktura, səhiyyəyə və iqtisadiyyata zərər vuracağı gözlənilir.

 

Avropa Komissiyası su qıtlığını həyatın bütün aspektlərini təhdid edən problem hesab edir. “Bu risklər müxtəlif formalarda özünü göstərəcək. Su ehtiyatları uğrunda artan rəqabət həm dövlətlər daxilində, həm də transsərhəd su ehtiyatları uğrunda münaqişələrə səbəb olacaq”, - deyə nəşrin istinad etdiyi sənəddə bildirilir.

 

Artıq bəzi Avropa ölkələri quraqlığın fəsadları ilə üzləşib, su ilə bağlı münaqişələr qeydə alınıb. Fevralın əvvəlində İspaniyanın Kataloniya hökuməti quraqlıq səbəbindən regionun əksər hissəsində fövqəladə vəziyyət rejimi elan edib, sudan istifadəyə məhdudiyyətlər qoyulub. Su qıtlığı Kataloniya və Araqon muxtariyyətləri arasında Ebro çayı ilə bağlı münaqişəyə səbəb olub. Ötən ilin martında isə Fransada yeni su anbarlarının tikintisinə qarşı irimiqyaslı etiraz aksiyaları keçirilib.

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et