UNESCO və UNECE-nin yeni hesabatı çayların, göllərin və sulu layların idarə edilməsində beynəlxalq əməkdaşlığın olmaması ilə bağlı həyəcan təbili çalır və ölkələri təcili əməkdaşlığa çağırır. Qeyd olunur ki, bu sahədə geriləmə iqlim dəyişikliyi kontekstində quraqlıq və daşqınların güclənən təsirlərini aradan qaldırmaq üçün lazım olan birgə strategiyaların təxirə salınması təhlükəsi yaradır.
UNESCO-nun saytına istinadla xəbər verir ki, təşkilatın rəhbəri Odri Azulayın bununla bağlı mesajında deyilir: “Yalnız yuxarı və aşağı su mənbələrində yerləşən qonşular ilə əməkdaşlıq ölkələrə öz ortaq sularını effektiv şəkildə idarə etmək, habelə iqlim və biomüxtəlifliyin pozulması ilə daha da güclənən daşqın və quraqlığın təsirlərini azaltmaq imkanı verir. 2017-ci ildən bəri müqavilələrin sayının artmasına, UNESCO-nun davamlı dəstəyi ilə irəliləyiş əldə olunmasına rəğmən, üzv ölkələri artan su qıtlığının cəmiyyətlərə əhəmiyyətli dərəcədə mənfi təsir göstərən bu əsas resursları davamlı şəkildə idarə etmək üçün səylərini artırmağa çağırıram”.
Hesabatda qeyd olunub ki, hazırda 153 ölkə digər ölkələrə axan transsərhəd sulardan istifadə edir. Bununla belə, həmin ölkələrin yalnız 28 faizi bu həyati resursların böyük hissəsini birgə idarə etmək üçün effektiv razılaşmalara malikdir. Hesabatda, həmçinin xəbərdarlıq edilir ki, əgər cari tendensiyalar davam edərsə, bu ölkələrin ancaq üçdəbiri 2030-cu ilə qədər effektiv birgə idarəetmə mexanizmlərinə malik olacaq.
Həmçinin vurğulanır ki, çay və göl hövzələri üzrə müqayisədə sulu laylarda nisbətən daha zəif əməkdaşlıq var. Transsərhəd çay və gölləri paylaşan ölkələrin 41 faizə qədəri bu suların əksəriyyətini əhatə edən idarəetmə üzrə əməliyyat sazişləri bağlayıb, transsərhəd sulu layları paylaşan ölkələrdə isə bu göstərici cəmi 25 faizdir.
Hesabatda 2017-ci illə (yalnız 23 ölkə və ya 15 faiz transsərhəd hövzə ərazisinin böyük hissəsi əhatə olunmaqla) və 2023-cü il (43 ölkə və ya 2 faiz) arasında ortaq su əməkdaşlığının yaxşılaşması qeyd edilir. Avropa, Şimali Amerika və Sub-Sahara Afrikası regionları əməkdaşlığın ən yüksək səviyyəsini nümayiş etdirir: bu regionlardan olan 84 ölkədən 39-u (46 faiz) transsərhəd hövzə ərazisinin böyük hissəsini əməliyyat tədbirləri ilə əhatə edir. Sub-Sahara Afrikasında çox yüksək səviyyədə əməkdaşlıq edən ölkələrin sayı 2017-ci ildəki 3 dövlətdən 2023-cü ildə 16-ya qədər, ümumilikdə, beş dəfə artıb. Regionda həyata keçirilən son layihələr yerli hakimiyyət orqanları, elm adamları və yerli icmaları cəlb edən davamlı əməkdaşlıq sistemləri yaradıb. Eyni zamanda, transsərhəd çay və göl hövzələrinin təxminən üçdə ikisi iqlimə uyğunlaşmanı əhatə edir. Bununla belə, bu gün onların yalnız 14 faizi problemin öhdəsindən gəlmək üçün konkret strategiya qəbul edib, qalan 20 faiz isə fəlakət riskinin azaldılması üçün birgə fəaliyyət planları hazırlayıb.
Sonda diqqətə çatdırılıb ki, daşqınların qarşısının alınması üzrə əməkdaşlıq quraqlığın təsirini yumşaltmaqdan daha güclüdür. İstismara məruz qalan çay və göl hövzələri arasında daşqınlarla bağlı 50 faiz əlaqələndirilmiş siqnalizasiya sistemləri mövcuddur, quraqlıqla əlaqədar isə bu rəqəm cəmi 30 faizdir.