Son onilliklərdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi qlobal istiləşmənin nəticələrini açıq şəkildə xatırladır.
Suinfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş “Caspian Blue Horizons” tədbirində deyib.
O qeyd edib ki, bu problem regionun ekoloji sabitliyini təmin etmək üçün təcili tədbirlər görülməsini tələb edir.
Onun sözlərinə görə, “Caspian Blue Horizons Workshop”un əsas məqsədi tətbiqi elmlər sahəsi üzrə ixtisaslaşmış ekspertlər və biznes nümayəndələri arasında əməkdaşlığı təşviq etməkdir:
“Bu sektorları bir araya gətirməklə biz Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi və ekoloji dəyişikliklər ilə bağlı problemləri həll etmək üçün innovativ həllər və effektiv strategiyalar hazırlaya bilərik”.
M.Babayev Xəzər dənizi hövzəsi dövlətlərinin nümayəndələrinin monitorinq, qiymətləndirmə və məlumat mübadiləsinə dair Protokolun (“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası – red.) müzakirəsi üçün vaxtaşırı bir araya gəldiyini də vurğulayıb.
Nazir bu təşəbbüsün Xəzər dənizində ekoloji vəziyyətin monitorinqi üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib.