İşğal dövründə Ermənistan ordusu tərəfindən ərazilər tamamilə dağılıb, minalanıb. İnsanlar evlərindən didərgin salınıb.
Suinfo.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov diplomatik korpusun üzvləri və hərbi attaşelərin iştirakı ilə keçirilən “Lachin Climate Action Dialogue”da bildirib.
O deyib ki, bunlar artıq tarixdə qalıb:
“Artıq biz Laçın və digər işğaldan azad olunmuş ərazilərə sakinkərin geri qayıtmalarının şahidi oluruq. Ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə sakinlər mənzillərlə təmin olunur. Onlara evlərinin açarları təqdim olunur. Biz bunu mediadan da görürük. Laçın həm də möhtəşəm təbiətə malik ərazidir. Həkəri çayı yaşıl enerji üçün mümkün imkanlardan istifadəyə yararlıdır. Çayın üzərində su elektrik stansiyaları (SES) tikilməkdədir. Bu da yaşıl enerjiyə böyük dəstəkdir. Bu addımla həm də gələcəyimizi qorumuş oluruq”.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə bildirib ki, burada böyük işlər görülməkdədir:
“Təbii ki, bu işlər asanlıqla başa gəlmir. Görülən işlərdə yaşıl enerji məsələsi əsas götürülüb. Bizim işlərimiz bunlarla sərhədlənmir. Sizi bu sahədə fəal olmağa səsləyirik. Sizin də fikirləriniz COP-29 gündəliyimizi zənginləşdirmək üçün bizə maraqlıdır”.