Bu həftə Beynəlxalq Xəzər həftəsi elan olunub. Beynəlxalq Xəzər həftəsi çərçivəsində Hövsan Aerasiya Stansiyasında Bakı Sukanal İdarəsinin nümayəndələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birlikdə görüş keçirilib.
Suinfo.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti məlumat yayıb.
Tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bakı Sukanal İdarəsinin rəisinin birinci müavini Əlizadə Nəsirov, Hövsan Aerasiya Stansiyasının rəisi Əbil Əbilov, Təmizləyici qurğuların istismarı şöbəsinin rəisi Faiq Abdullayev, Bakı Sukanal İdarəsinin texnoloqu İlqar Albalıyev, Xəzər Kompleks Ekoloji Manitorinq İdarəsinin rəis müavini Azər Osmanlı, Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin sektor müdiri Mikayıl Cabbarov, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun müdiri Tariyel Şixbalayev, həmin idarənin Planlama və inkişaf sektorunun məsləhətçisi Dürrə Vəliyeva iştirak ediblər.
Görüşdə Xəzər dənizinin qorunmasında, ətraf mühitin qorunmasında təmizləyici qurğuların, Hövsan Aerasiya Stansiyasının rolundan danışılıb. Bu sahədə görülən işlər barədə müzakirələr aparılıb. Həmçinin ölkədə keçirilən COP-29 və 2024-cü il “Yaşıl dünya naminə” həmrəylik ili ilə əlaqədar keçirilən tədbirlərlə əlaqədar ətraflı müzakirələr aparılıb.
Tədbiri giriş sözü ilə açan Əlizadə Nəsirov Xəzər dənizinin qorunmasının hər bir Azərbaycan vətəndaşının borcu olduğunu, Xəzər dənizinin geri çəkilməsinin hansı sahələrə və nə kimi mənfi təsirlər göstərdiyini qeyd edib.
Sonra Mikayıl Cabbarov Hövsan Aerasiya Stansiyasının işindən, emal olunan suyun səmərəli istifadəsindən və bu prosesdə əməyi olan hər bir işçinin fəaliyyətindən söz açıb. Stansiyada emal olunan suyun kənd təsərrüfatı, yaşıllıqların suvarılması üçün nə dərəcədə vacib olduğundan danışıb.
İlqar Albalıyev Hövsan Aerasiya Stansiyasındakı qurğuların işləmə prosesini izah edərək axıdılan suyun Xəzər dənizinə heç bir ziyan vurmadığını bildirib. Emal olunan suyun daim laboratoriyada yoxlanıldığını qeyd edib.
Ümumdünya Dəniz Günün yaranma tarixindən danışan Dürrə Vəliyeva ətraf mühitin, dəniz və okean sularının fauna və florasının qorunmasına olan töhfəsini vurğulayaraq bu zəmində Xəzər dənizinin suyunun və ətraf mühitinin təmiz saxlanılmasında görülən işlərdən danışıb.
Bakı və Abşeronda ola çirkab su təmizləyici qurğular barədə məlumat verən Faiq Abdullayev Hövsan Aerasiya Stansiyasında çirkab suların təmizlənmə prinsipini dolğun izah edib.
Sonda Xəzər dənizinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması, flora və faunanın qorunmasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyinin birgə fəaliyyətinin əhəmiyyəti xüsusi olaraq vurğulanıb.