Dünya Bankı: Azərbaycanda su və kanalizasiya sektorunda institusional islahatlara ehtiyac var

Dünya Bankı: Azərbaycanda su və kanalizasiya sektorunda institusional islahatlara ehtiyac var

Tədbirlər

18 Sentyabr 2024, 12:23

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) "Su Təhlükəsizliyi Problemlərinin Həll edilməsi üçün Su Sektorunda Effektiv İnstitutlara və Proqramlara Keçid" adlı hesabatı təqdim edib.

Suinfo.az xəbər verir ki, bu barədə Trend-ə Dünya Bankının Bakı ofisindən bildiriblər.

Məlumata görə, bu tədqiqat hesabatının hazırlanmasına ehtiyac ondan yaranıb ki, Azərbaycanda su və kanalizasiya sektorunda xidmətləri təkmilləşdirmək üçün hazırda vacib institusional islahatlar həyata keçirilir.

"Bu islahatların məqsədlərindən biri ölkədə su sahəsində fraqmentarlığı aradan qaldırmaq və qurumların fəaliyyətində uzlaşmanı gücləndirməkdir. Hesabatda vurğulanır ki, institusional islahatlar həm də ona görə vacibdir ki, Azərbaycan öz coğrafi və iqlim şəraitinə görə transsərhəd su ehtiyatlarından çox asılıdır.

Ölkəyə yerüstü mənbələrdən daxil olan suyun 78 faizi üç qonşu dövlətlə transsərhəd Kür və Araz çayları vasitəsilə daxil olur. Artan tələbat və iqlim dəyişikliyinin təsirləri səbəbindən suyun mövcudluğu azalmaqdadır. Bütün bunlar dayanıqlı su idarəedilməsini aktuallaşdırır.

Hesabat iki tematik blok üzrə təşkil olunmuşdur: su sektorunda xidmətlərin göstərilməsi üçün institusional səmərəliliyin artırılmasi və su resurslarının idarə edilməsi üçün rəqəmsal alətlər. Bu tematik blokların daxilində su təchizatı və kanalizasiya xidmətlərinə diqqət yetirməklə səmərəli xidmətlər üçün su sektoru institutlarının gücləndirilməsi üzrə məsləhətlər, kənd yerlərində dayanıqlı içməli su təchizatı və tullantı sularının idarə edilməsi üçün modellər və su ehtiyatlarının uçotu, qiymətləndirilməsi və idarə edilməsi üçün rəqəmsal alətlər barədə məlumat əksini tapıb", - məlumatda deyilir.

Qeyd edilib ki, hesabatda Bakı və ətraf ərazilərdə su itkilərinin azaldılması, çirkab sutəmizləyici qurğuların istismarının səmərəliliyinin artırılması, kənd yerlərində və kiçik şəhərlərdə lisenziyalı (peşəkar) xidmətlərin tətbiqi üçün prioritet strateji proqramların formalaşdırılması, daha iri şəhərlər üçün isə icra nəticələrinə və hədəflərə əsaslanan maliyyələşdirmə mexanizmlərinin tətbiqi üzrə tövsiyələr verilir:

"Bu proqramlar iqlim risklərinə qarşı dayanıqlığın gücləndirilməsinə, subsidiyaların azaldılmasına və su təchizatı və kanalizasiya sektoru institutlarının maliyyə vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək. Su tariflərinin tənzimlənməsi, o cümlədən tarifin səviyyəsi və strukturu nəzərdə tutulan islahatların mühüm xüsusiyyətidir.

"Su Təhlükəsizliyi Problemlərinin Həll edilməsi üçün Su Sektorunda Effektiv İnstitutlara və Proqramlara Keçid" hesabatı Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində hazırlanıb. AZTAF proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan ümumi büdcəsi 5,25 milyon avro olan üçillik proqramdır. Proqramın məqsədi Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri və 2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq hökumətə məsləhət və analitik dəstək göstərməkdir".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et