Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Monidigah kəndində fəaliyyət göstərən “Şəfa” MMC-yə məxsus su istehsalı müəssisəsində yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Suinfo.az-a verilən məlumata görə, yoxlama zamanı istehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
İstehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən və işçilərin tibbi müayinə olunmadan fəaliyyət göstərdiyi, emal, saxlanc və digər proseslərin eyni sahədə həyata keçirildiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, fərdi mühafizə vasitələrindən istifadə etmədiyi məlum olub. İstehsal olunan “Şəffaf su” məhsullarının etiketlənməsində isə qanunvericiliyin (hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumat verilməlidir) tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib. İstehsal müəssisəsinin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.