AQTİ su nümunəsində parametrlərin müayinəsi üzrə laboratoriyalararası səriştəlilik sınağına başlayıb

AQTİ su nümunəsində parametrlərin müayinəsi üzrə laboratoriyalararası səriştəlilik sınağına başlayıb

6 Avqust 2024, 12:54

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.

 

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Suinfo.az-a verilən məlumata görə, su nümunəsində codluq, xloridlər, konduktivlik və pH parametrlərinin müayinəsi üzrə növbəti səriştəlilik sınağına qatılmaq üçün avqust 31-i sonuncu müraciət tarixi müəyyən olunub.

 

Həmin səriştəlilik sınağının proqramı ilə AQTİ-nin rəsmi saytı (afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədə səriştəlilik sınağının proqramı və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) yerləşdirilib. Laboratoriyaların sınaqda iştirakını təmin etməkdən ötrü saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması” doldurularaq [email protected] elektron poçtuna göndərilməlidir. Sınaqlar yekunlaşdıqdan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanılmalıdır.

 

Səriştəlilik sınaqlarının nəticələri institutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.

 

Qeyd edək ki, sınaqlar ISO 17043 “Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr həmin standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən təşkil olunan sınaqların məqsədi laboratoriyalar üçün səriştəliliklərini qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir. Müvafiq Qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et