Son illərdə Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi region dövlətləri arasında ciddi narahatlıq yaradan məsələlər sırasında yer alır.
Prezident İlham Əliyev də son çıxışlarında, o cümlədən “Kazinform” agentliyinə verdiyi açıqlamada Xəzər dənizinin səviyyəsinin azalması problemini strateji əhəmiyyət kəsb edən məsələ kimi dəyərləndirib.
Qeyd edək ki, Xəzərdə suyun azalmasının bir çox səbəbləri var. Bunlar arasında iqlim dəyişikliyi ən vacib rol oynasa da, Rusiya ərazisindəki Volqa çayının da rolu çox vacibdir.
Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Vüqar Rəhimzadə bildirib ki, Xəzər dənizi ciddi ekoloji problemlərlə üz-üzədir.
Onun sözlərinə görə, son illər ərzində dənizin səviyyəsi bir metrdən çox aşağı düşüb. Bu, yalnız ölkəmizin problemi deyil. Beş Xəzəryanı ölkə bu problemi həll edərək Xəzəri qoruya bilər.
“Prezident İlham Əliyev “Kazinform”a eksklüziv müsahibəsində də bu məsələyə toxundu. Dövlətimizin başçısı qeyd etdi ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır.
2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil. Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir.
Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir ki, bu, təbiətin mühafizəsi və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin görülməsi zərurəti yaradır. Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, ortaq məsuliyyət və birgə fəaliyyətin zəruriliyinin rəmzinə çevrilir”.
Deputat vurğulayıb ki, Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır:
“Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi yeni bir hal deyil, amma son illərdə proses sürətlənib. Xəzər dənizinə tökülən ən iri su mənbəyi olan Volqa çayı üzərində çoxsaylı hidrotexniki qurğuların tikilməsi və axının tənzimlənməsi isə təbii dövretməni pozub və suyun səviyyəsini azaldıb. Volqa üzərində iri su anbarlarının inşa edilməsi Xəzər dənizinə mənfi təsir edir, balansı pozur. Əgər əvvəllər Xəzərin yaşaması üçün müəyyən balans qorunurdusa, indi bu, nəzərə alınmır”.
Vüqar Rəhimzadə yekun olaraq onu da əlavə edib ki, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması dövlətimiz üçün vacib məsələlərdən biridir. Deputatın fikrincə, ekoloji təhlükəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir.
[email protected]
(055) 946-06-60