Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi yaxın 3-5 il ərzində də davam edəcək. Bu barədə “Roşidromet”in rəhbəri İqor Şumakov Xəzər dənizinin Hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin (CASPCOM) Sankt-Peterburqda keçirilən sessiyasında bildirib.
Suinfo.az TASS agentliyinə istinadla xəbər verir ki, onun sözlərinə görə, son on ildə Xəzər dənizində suyun səviyyəsi iki metrə qədər enib və bu, region üçün kritik hadisədir. Eyni zamanda, əvvəllər olduğu kimi, bir neçə ildən sonra suyun səviyyəsinin qalxacağı da hələ məlum deyil. Bu təşkilatın, həmçinin digər Xəzəryanı ölkələrin alimləri və mütəxəssisləri dayazlaşma prosesinin müddətini müəyyən etmək və region iqtisadiyyatının davamlı inkişafı üçün nəticələr hazırlamaq məqsədilə iqlim modelləri yaradırlar.
İ.Şumakov vurğulayıb ki, Xəzər dənizində suyun səviyyəsinin azalması qlobal iqlim dəyişikliyini əks etdirir, Şimal yarımkürəsində iqtisadiyyata, eləcə də vətəndaşların həyat və sağlamlığına ziyan vuran təhlükəli hidrometeoroloji hadisələrin sayının artması ilə müşayiət olunur.
CASPCOM-un sessiyası sentyabrın 4-5-də Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın milli hidrometeorologiya xidmətlərinin nümayəndələrinin iştirakı ilə keçirilir. Proqrama Xəzər dənizinin hidrometeorologiyası sahəsində milli fəaliyyətin vəziyyəti və inkişaf perspektivlərinə dair hesabatların təqdimatı daxildir.