Ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, o cümlədən su bioresurslarının dayanıqlı inkişafının təmin olunması və balıq ehtiyatlarının qorunması məqsədilə təbii su hövzələrinə müxtəlif növ balıq körpələri buraxılır. Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması ümumilikdə ekosistemin qorunması baxımından olduqca vacibdir. Lakin su hövzələrinə buraxılan körpələrin böyüyüb balıq ehtiyatlarını artırması üçün onların qorunması da mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, son həftələrdə Kür çayında balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə qarşılaşdıq. Hazırda bununla bağlı araşdırmalar aparılır.
Suinfo.az xəbər verir ki, AzərTac-ın əməkdaşı mövzu ilə bağlı mütəxəssislərlə söhbət edib, Kürdə balıqların ölməsinin səbəblərinə və belə halların qarşısının alınması yollarına aydınlıq gətirməyə çalışıb.
Kür çayının Azərbaycan təbiətinin unikal varlığı olduğunu deyən Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşafşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib ki, ölkəmizin əksər əraziləri Kürün yatağına doğru meyillidir. Bu çay Azərbaycan təbiətinin bütövlüyünü qoruyan su arteriyasıdır. “Kürə sadəcə su hövzəsi kimi yanaşmaq olmaz. Ona ətrafındakı ekosistemlərlə birgə baxmaq lazımdır. Bu çay Azərbaycan təbiətinin indikatorudur. Orada gördüyümüz qüsurlar haradasa buraxdığımız səhvlərin nəticəsidir. Balıq ölümləri də bu cür səhvlərdən doğur. Bunun müxtəlif səbəbləri ola bilər: çayın suyuna zəhərli maddələrin qatılması, balıqtutma zamanı qaydalara düzgün əməl olunmaması. Kür çayına xeyli yersiz müdaxilə var. Araşdırmalar nəticəsində çaya 1800-dən çox qeyri-qanuni müdaxilə qeydə alınıb. Çayların dərəsinə, yatağına qanunsuz, özbaşına müdaxilə etmək uğursuz nəticələr verir. Bunun üçün mütləq mütəxəssislərlə görüşmək, danışmaq, müəyyən icazələr almaq lazımdır. Lakin bunun əksinə olaraq, özbaşına müdaxilələr, sugötürmələr, su axıtmaları olur. Kür çayının Azərbaycan hissəsindəki sahillərinə diqqət etsək görərik ki, burada çox sayda yaşayış məntəqələri var. Yevlaxdan başlamış Kürün deltasına - Xəzərə tökülənə qədər məskunlaşma mövcuddur. Həmin yaşayış məntəqələrinin yanında da əkin sahələri var. Təxminən 5-10 kilometr sağ və sol sahil Kürün suyu ilə bağlı olan təsərrüfat sahələridir. Burada müəyyən səhv edəndə Kürdə özünü göstərir. Kürü qorumaqdan ötrü Azərbaycanda iki nəhəng kollektor çəkilib. Biri Kürün sol sahilindəki Baş Şirvan və sağ sahilində olan Baş Mil-Muğan kollektorlarıdır. Həmin kollektorlar Kürün suyunun təmiz qalması üçün çəkilib. Lakin bununla belə çayın sahilində salınan kəndləri idarə etmək çətindir. Kür çayı boyunca dambalar tikilib, lakin sahildə məskunlaşanlar onu söküb, özləri üçün kənd salır, əkin əkir. Halbuki həmin dambalara müdaxilə etmək yolverilməzdir. Müdaxilələr həddən artıq çoxdur. Belə hallar son nəticədə balıq ölümlərinə çıxarır”.
Mirnuh İsmayılov vurğulayıb ki, Kür çayının mühafizəsi istiqamətində kifayət qədər tədbirlər görülsə də, hələ də problemlərə rast gəlinir. “Bu yaxınlarda bizim şöbənin Kür çayına ekspedisiyası oldu. Ekspedisiya zamanı çayın yatağına fikir verdik. Kürün yatağının üçdə iki hissəsi qurumuşdu. Maydakı ekspedisiya zamanı isə Kürün çox bolsulu olması halı ilə rastlaşdıq. Bu onu göstərir ki, qeyri-adi sinoptik hadisələrə hazır olmalıyıq. Həmçinin əhali arasında təbliğat işi daha da gücləndirilməlidir, çay dərələrinə, yatağına müdaxilə edəndə mütləq ekoloji normalara əməl edilməlidir. Belə olarsa, Kürü təmiz görə bilərik”, - deyə o diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri, fəlsəfə elmləri doktoru Süleyman Süleymanov isə son 7-8 ildə Kür çayının suyunun azaldığını xüsusi vurğulayıb: “Kür çayının üzərində olan təsərrüfat fəaliyyəti o qədər çoxalıb ki, çay Xəzər dənizinə 40 faiz tükənmiş halda gəlib çatır. Hətta elə çaylar var ki, gəlib Xəzər dənizinə çatmır. Ekoloji şəraitin dəyişməsi ilə əlaqədar olaraq Kür çayının suyu 40 faiz azalıb. Azərbaycan dünyada çaylarının suyu tükənən ölkələr sırasındadır. Bu gün Xəzər dənizinin səviyyəsi sahildən 300-400 metr uzaqlaşıb. Nəticədə keçici balıqlar Xəzər dənizinə gəlib keçə bilmirlər. Balıqlar şor suda yaşayır, kürünü tökmək üçün isə onlara şirin su lazımdır. Xəzəryanı ərazilərdə 40 il əvvəlki balıqlar demək olar ki, qalmayıb. Çünki dənizdə yaşayıb, Kürə getmək üçün onlarda elə bir şərait yoxdur. Çaylar üzərindəki bəndlər də balıqların kürü tökməsi prosesinə kifayət qədər ziyan vurur. Həmin balıqların bəziləri artıq “Qırmızı kitab”a düşüb. Bu gedişlə gələcək nəsillər bəzi balıqların özlərini deyil, şəkillərini görəcəklər. Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, dünyada məhv olan balıqların sayı indikindən iki dəfə çoxdur. Mən 40 ildən çoxdur Xəzər dənizi üzrə mütəxəssisəm. Bu müddət ərzində apardığım araşdırmalar zamanı Xəzər dənizində sıf balığını görməmişəm. Xəzər sıf balığı “Qırmızı kitab”a düşsə də, qarşıma çıxmayıb. Eləcə də 1940-1945-ci illərdə siyənək ovunun 30-40 faizini Volqa siyənəyi verirdisə, hazırda həmin balıq “Qırmızı kitab”dadır. Çünki Volqa çayına keçən balıqlardan Volqa siyənəyi, qarabel siyənək bu gün gedib, özünə ekoloji şərait, kürüləmə yeri tapa bilmir. Eləcə də vaxtilə Kür çayına keçən balıqlar kürüləməyə gedə bilmədiyinə görə yox olmaq dərəcəsindədirlər. Kür çayında balıqların ölüm halları ekoloji şəraitin dəyişməsi, suyun azalması, Kür çayının həddən artıq çirklənməsi, qlobal iqlim dəyişikliyi ilə daha çox əlaqəlidir. Belə ki, suyun temperaturu 1 dərəcə yüksəlirsə, balıqlar vaxtından qabaq Kür çayına gedir. Təəssüf ki, çayda da su yoxdur. Tökülən kürünün 0,3 faizi bir aydan və ya bir ildən sonra gəlib Xəzər dənizinə çatmalıdır. Əgər həmin proses baş vermirsə, bu, artıq həmin balıq növünün sonu deməkdir. Eləcə də eyni hal balıqların Kür çayına gedib kürüləmək üçün öz yerlərinə çata bilməməsi vəziyyətinə də şamil edilir. Təəssüf ki, qızılbalıq, nərəcinsli balıqlar Varvara bəndinə gedib geri qayıdır, kürüləməyə gedə bilmirlər. Bütün bunlarla yanaşı, əfsuslar olsun ki, Kür çayında çirklənmə də kifayət qədərdir”.
Mütəxəssislərin rəylərinə əsasən, su bioresurslarının artırılması sahəsində görülən işlər, müəyyən neqativ hallar və digər amillər Kürün resurslarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən yüksək effekt alınmasına əngəl olur. Ona görə də bu gün müvafiq qurumlarla yanaşı, hər bir vətəndaş da Kürün, o cümlədən bu çayın balıq ehtiyatlarının qorunması üçün çalışmalıdır.