Azərbaycanda su təsərrüfatı və infrastrukturun qurulmasında həm beynəlxalq maliyyə institutları, həm də beynəlxalq şirkətlərlə əməkdaşlıqlar həyata keçirilir.
Bu barədə Modern.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Bildirilib ki, hazırda Türkiyənin Tarım ve Orman Bakanlığının Dövlət Su İşləri Baş İdarəsi ilə kənd təsərrüfatında suların effektiv idarə olunması, fermer və sudan istifadə edən birliklərin yenidən təşkili istiqamətində təcrübə mübadiləsi aparılır.
Paralel olaraq, İsrailin “Mekorot” şirkəti ilə Azərbaycanda su təsərrüfatının optimallaşdırılması, sudan istifadənin və istismarın müasirləşdirilməsi istiqamətində müqavilə imzalanıb.
Həmçinin Almaniyanın “Bioworks” şirkəti ilə ölkəmizdə tullantı su qurğularının yenidən qurulması istiqamətində əməkdaşlıq mövcuddur və davam etdirilir.
Bundan əlavə, dəniz suyunun duzsuzlaşdırılması istiqamətində həyata keçiriləcək layihədə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq nəticəsində dünyanın ən qabaqcıl təcrübəsi tətbiq ediləcək. Onu da qeyd edək ki, bu şirkət dünyada duzsuzlaşdırma qurğularının tətbiqində ən böyük şirkətlərdən biridir.
Son 10 ildə 7 fərqli beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıqlar həyata keçirilib. Hazırda potensial əməkdaşlıq istiqamətlərinin öyrənilməsində Dünya Bankı ilə, Hövsan aerasiya stansiyasının yenidən qurulmasında Asiya İnkişaf Bankı ilə müzakirələr və əməkdaşlıqlar davam etdirilir.
Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə kəhrizlərin bərpası istiqamətində əməkdaşlıq mövcuddur.
Yapon Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə işçi heyətinin məlumatlılığının və biliklərinin artırılması istiqamətində görüşlər davam etdirilir.
Həmçinin COP-29 çərçivəsində iki beynəlxalq maliyyə institutu ilə müqavilə bağlanılıb. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit Sazişi” imzalanıb. İslam İnkişaf Bankı ilə isə “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.
Hər iki layihə çərçivəsində infrastrukturun müasir standartlar əsasında qurulması, o cümlədən Azərbaycanda texniki biliklərə malik personalın yetişdirilməsi nəzərdə tutulub.
Qarabağ və Şərqi Zənzəzur iqtisadı zonalarının yenidən qurulmasında da bir sıra xarici şirkətlər iştirak edirlər. Bu da beynəlxalq podratçı şirkətlərin təcrübələrini tətbiqinə şərait yaradır.
Ümumilikdə bu istiqamətdə əməkdaşlıqlar davam edir və etdiriləcək. Bununla belə, həm ADSEA tərəfindən araşdırmalar aparılır, həm də xarici şirkətlər tərəfindən göndərilən müraciətlərə baxılıb, dəyərləndirilir.