Azad olunmuş ərazilərin su xəritəsi yaradılıb

Azad olunmuş ərazilərin su xəritəsi yaradılıb

Su qıtlığı

10 Dekabr 2024, 14:14

Yeraltı və yerüstü su mənbələrinin əsas göstəricilərinin qiymətləndirilməsi, məlumat bazasının və elektron su xəritəsinin hazırlanması məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi üzrə 170-dən artıq məntəqədə yoxlama-təftiş işləri yerinə yetirilib. Həmçinin işğaldan azad olunmuş ərazilərin interaktiv su xəritəsinin, o cümlədən çayların, avtomat hidroloji stansiyaların, göllərin, yeraltı su yataqlarının hidroqrafiya şəbəkəsinin vektorlaşdırılması və SHP faylının yaradılması işləri yerinə yetirilib.

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının qiymətləndirilməsi tədbiri çərçivəsində ümumilikdə 142 mineral xammal yatağında monitorinq-təftiş işləri aparılıb və işğal dövründə istismar edilmiş həcm müəyyənləşdirilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi üzrə geoloji kəşfiyyat işləri davam etdirilir.

Kənan Kərimli onu da bildirib ki, Zəngilan rayonu ərazisində 55 hektar, Ağdam rayonu ərazisində 11 hektar və Cəbrayıl rayonu ərazisində 38 hektar yeni yaşıllıq sahəsi salınıb. Hazırda Cəbrayıl və Füzuli rayonları ərazisində yeni yaşıllıq sahəsinin salınması ilə bağlı işlər davam etdirilir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et