Əlincə çaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasına sərf olunacaq vəsaitin məbləği məlum olub.
Suinfo.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi bununla bağlı hazırlıqlara başlayıb.
Agentlik yenidənqurma işlərinə 14 milyon manata yaxın vəsaitin sərf olunacağını ehtimal edir.
Qeyd edək ki, ötən ay kanalın yenidən qurulmasının layihələndirilməsi başa çatıb.
Xatırladaq ki, Bənəniyar su anbarı Culfa rayonu ərazisində Bənəniyar kəndinin qərbində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1989-cu ildə istismara verilib. Bəndin hündürlüyü 36.5 m, bəndin uzunluğu 960 m və su anbarının ümumi həcmi 17.4 mln.m³-dur. Suvarma sahəsi 3400 ha-dır.
Beton kanal əsasən Bənəniyar su anbarının doldurulması üçün istifadə olunur. 17.4 milyon kubmetr su tutumu olan anbar Culfa və Babək rayonunun 4200 hektar əkin sahələrini suvarma suyu ilə təmin edir. Bu baxımdan uzunluğu 7,7 kilometr olan kanal yenidən qurularaq sukeçirmə qabiliyyətinin saniyədə 3 kubmetrdən 5 kubmetrə çatdırılması su anbarının qısa müddətdə doldurulmasına zəmin yaradacaq.