Fuad Nəcəfli Naxçıvanda BMT rəsmisi ilə ekoloji məsələləri MÜZAKİRƏ ETDİ

Fuad Nəcəfli Naxçıvanda BMT rəsmisi ilə ekoloji məsələləri MÜZAKİRƏ ETDİ

19 İyul 2024, 14:52

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda BMT-nin İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb.

 

Suinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikada səfərdə olan BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Səlahiyyətli nümayəndə hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətlərindən və bu çərçivədə reallaşdırılan geniş layihələr haqqında qonağı məlumatlandırıb.

 

Bildirib ki, bölgədə mühüm logistik mərkəz olan Naxçıvanın böyük “yaşıl enerji” potensialı var və bu potensialdan səmərəli istifadə olunması istiqamətində mühüm addımlar atılır. Qlobal iqlim dəyişikliyi fonunda görülən işlərdən danışan F.Nəcəfli qeyd edib ki, cari ildə yağıntıların bol olması bu sahədə problemləri kəskin azaldıb.

 

Bununla belə, növbəti illərdə bu cür problemlərin yaşanmaması üçün su ehtiyatlarından səmərəli istifadə və mütərəqqi suvarma mexanizmləri hazırlanır. Səlahiyyətli nümayəndə turizmin təbliği və təşviqi istiqamətində birgə əməkdaşlığın zəruriliyini xüsusi vurğulayıb.

 

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo 2023-cü ildə reallaşdırılan və ölkənin milli inkişaf məqsədlərinə töhfə verən proqramların icrasından bəhs edib. O vurğulayıb ki, enerji və ətraf mühit, gender və gənclərin inklüzivliyi, keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı, turizm, tibbi təchizat, kənd təsərrüfatı, həmçinin effektiv idarəetmə və məşğulluğun yaradılması sahələrində həyata keçirilən fəaliyyət diqqət mərkəzindədir.

 

Qeyd edilib ki, iqlim dəyişikliyi, kənd təsərrüfatının inkişafı, minatəmizləmə, işğaldan azad edilmiş ərazilərdə əhalinin İKT sahəsində çalışması və rəqəmsallaşma, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması kimi məsələlər də əsas fəaliyyət istiqamətləri sırasındadır. Bu sahədə təşəbbüs və təkliflərin müzakirəsinə ehtiyac olduğunu vurğulayan A.Rokkasalvo Naxçıvanın iqlim dəyişikliyinə daha çox məruz qaldığına və bu sahədə birgə fəaliyyətin əhəmiyyətini önə çəkib.

 

Görüşdə Zəngəzur dəhlizinin bölgənin inkişafındakı xüsusi əhəmiyyəti vurğulanıb, qarşıdakı illər ərzində BMT-nin muxtar respublika ilə əlaqələrinin çox məhsuldar olacağına və burada həyata keçirilən proqramların uğurla nəticələnəcəyinə inam, əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Sonda xatirə fotosu çəkdirilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et