Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb.
"Suinfo.az"ın məlumatına görə Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan bu mənbədən ümumilikdə suvarılan 7 min hektar sahənin su təminatında ciddi çətinliklər yaranmışdı.
Əsaslı təmir işləri çərçivəsində 940 metr uzunluğunda bənd beton üzlüyə alınıb, suburaxıcı qapı yenidən düzəldilib və qəza sutullayıcı qurğu təmir edilib. Texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 7 kilometr hissəsi də üzərində olan hidrotexniki qurğularla birlikdə təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.