2023-cü il Su Ehtiyatları Agentliyində yeniliklərlə yadda qaldı - FOTOLAR

2023-cü il Su Ehtiyatları Agentliyində yeniliklərlə yadda qaldı - FOTOLAR

Tədbirlər

27 Dekabr 2023, 11:43

"2023-cü il bizim üçün cənab Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması, ölkə ərazisində, özəlliklə Qarabağ və Şərqi Zəngəzur vilayətlərində həyata keçirilən irimiqyaslı quruculuq işləri,  Sərsəng su anbarının istismarının bərpa edilməsi, müsbət nəticələr əldə  etdiyimiz suvarma mövsümü və digər yeniliklərlə yadda qalan oldu".

 

"Suinfo.az" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov jurnalistlərlə görüşü zamanı deyib.

 

Ə.Şirinov bildirib ki, ölkənin su təsərrüfatına olan özəl diqqət və qayğının göstəricisi olaraq 2023-cü ildə Suqovuşan və Xaçınçay su anbarlarının təmir-bərpadan sonra yenidən istifadəyə verilməsi, Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin təqdimatı və Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışı, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlqoyma mərasimi, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimlərində Prezident İlham Əliyev şəxsən iştirak edib.

 

Bildirilib ki, agentlik tərəfindən bütün respublika ərazisində etibarlı su təchizatına nail olunması məqsədilə institusional, struktur və investisiyaların idarəolunması istiqamətlərində yeni islahatların həyata keçirilməsi, su itkilərinin azaldılması məqsədilə infrastrukturun müasir tələblərə uyğun olaraq müasirləşdirilməsi, həmçinin su anbarlarının tikilməsi və təmir-bərpası ilə ölkədə yeni su ehtiyatlarının yaradılması nəzərdə tutulub. Bu tədbirlər Bakı şəhəri və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında, o cümlədən 2035-ci ilə qədər olan dövrü əhatə edən uzunmüddətli strategiyada da öz əksini tapıb.

 

Görülən işlərdən söz açan agentlik rəsmisi vurğulayıb ki, su itkilərinin azaldılması məqsədilə ümumilikdə 6 magistral kanalın təmir-bərpasına başlanılmış, bundan 4 kanalın yenidən qurulması işləri artıq yekunlaşma mərhələsindədir. Bu istiqamətdə 8 magistral kanalın texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması tamamlanmış, daha 12 kanal və Mil-Qarabağ kollektoru üçün isə müvafiq layihə sənədlərinin hazırlanması işləri sürətlə davam etdirilir. Tədbirlər nəticəsində ümumilikdə 700 km uzunluqlu suvarma kanallarının yenidən qurulması ilə 300 min hektar ərazinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması və yenidən qurulması tədbirləri üzrə zəruri təmir-bərpa işləri tamamlanıb.

 

Sədrin müşaviri onu da vurğulayıb ki, ölkədə su ehtiyatlarının artırılması məqsədilə yeni su anbarlarının yaradılması istiqamətində Yengicə su anbarının tikintisi davam etdirilmiş, Əlicançay su anbarının tikinti işlərinə başlanılması üçün tender proseduru tamamlanaraq podratçı şirkətlə müqavilə bağlanılıb. Agentlik tərəfindən Viləşçay, Ağsuçay və Zəyəmçay su anbarlarının texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmış, Qudyalçay, Vəlvələçay, Qaraçay və Qusarçay anbarları üçün ilkin araşdırma işlərinə, o cümlədən Türyançay su anbarının müvafiq sənədlərinin hazırlanmasına başlanılıb. Respublikanın müxtəlif rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə 373 ədəd subartezian quyusunun yeri müəyyənləşdirilmiş və növbəti illərdə 4 mərhələdə qazılması nəzərdə tutulub. Cari ildə ayrılmış vəsaitə uyğun olaraq 1-ci mərhələ üzrə 68 ədəd subartezian quyusunun qazılması işlərinə başlanılmış və bu istiqamətdə müvafiq işlər davam etdirilir. Bununla yanaşı, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə cari ildə 780 km içməli, 171 km tullantı su xətləri çəkilib, 2 su anbarı və 480 bulaq tikilərək əhalinin istifadəsinə verilib. Abonentlərin sayğaclaşma səviyyəsi 89,5 faizə yüksəlmiş, o cümlədən qanunsuz qoşulma hallarının qarşısının alınması hesabına 4,2 milyon kubmetr həcmində itirilmiş sərfiyyat bərpa edilib.

 

Ə.Şirinov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən Suqovuşan,  Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarları, o cümlədən Tərtərçay sol sahil kanalının təmir-bərpası işləri başa çatdırılmış, Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarlarının təmir-bərpa işlərinin isə yaxın günlərdə tamamlanması nəzərdə tutulub. Ötən müddət ərzində Laçın rayonu ərazisində yerləşən Zabuxçay su anbarının tikintisi davam etdirilib. Qız qalası su anbarından sugötürən magistral kanalın, Həkəriçay və Bərgüşadçay su anbarları və onlardan qidalanan kanalların inşası işlərinə isə önümüzdəki illərdə başlanılması nəzərdə tutulub. Qeyd olunan layihələr Azərbaycanda su təchizatı probleminin həllində çox böyük uğur olmaqla yanaşı regionların, xüsusən də Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin sosial-iqtisadi inkişafına önəmli töhfədir.

 

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” və “Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” müvafiq Sərəncamlarının icrasına başlanılmış, o  cümlədən suvarmada istifadəsi mümkün olan kollektor-drenaj sularının ehtiyatı müəyyənləşdirilmişdir. Cari ildə Baş Mil-Muğan kollektoru üzərində su təmizləyici qurğu tikməklə Saatlı və Sabirabad rayonlarında suvarma kanallarına müəyyən həcmdə su verilməsi layihəsi üzrə tender müsabiqəsi keçirilərək müvafiq TİƏ və işçi layihə sənədlərinin hazırlanması işlərinə başlanılıb.

 

Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış və Agentliyin də təmsil olunduğu Dövlət Su Komissiyası tərəfindən su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülmüş və mütəmadi olaraq rejimlərdə operativ dürüstləşmələr aparılmışdır. Məhz bu tədbirlər nəticəsində hazırda su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, təkcə ötən ilə nisbətən isə 2,2 milyard kbm artıq həcmdə su toplanılıb.

 

Bu da ötən il əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərmiş, həmçinin növbəti ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir.

 

Görülmüş tədbirlər nəticəsində cari ildə respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1,5 milyon hektar sahədə orta hesabla 3,4 dəfə suvarılmış, bu məqsədlə bütün suvarma mənbələrindən su istifadəçilərinə 7,5 mlrd. kbm su verilmişdir. Hazırda əsasən kənd əhalisinin kommunal-məişət su təchizatı ilə yanaşı, növbəti ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin suvarma suyu ilə təminatı davam etdirilir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et