Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təbii resursların iqtisadi aktivliyə cəlb edilməsi prosesi gedir.
Suinfo.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov deyib.
Onun sözlərinə görə, Ağdam rayonunda yerləşən Şahbulaq daş karxanasının istifadəyə verilməsi ilə 227 nəfər işlə təmin edilib: "Bu yaxşı bir göstəricidir, nəzərə alsaq ki, həmin müəssisə hələ tam gücü ilə işləmir. Bu proses davam edir".
Ə. Məmmədov bildirib ki, eyni zamanda həm Kəlbəcərdə, həm də Laçında 5 kiçik su elektrik stansiyanın bərpası davam etdirilir və yaxın vaxtlarda istismara veriləcək. Bu addımlar bölgədə iqtisadi aktivliyə öz töhfəsini verir, Baş İdarənin rəisi əlavə edib.
"Qeyd etmək istərdim ki, Xankəndi şəhəri, Xocavən, Xocalı və Ağdərə rayonlarında təsərüffat subyektlərinin, yəni obyektlərin bərpası və onların yenidən dövriyyəyə qaytarılması prosesi gedir. Hazırda bu istiqamətdə 25 təsərrüfat subyekti artıq fəaliyyət göstərir ki, burda da 252 nəfər işlə təmin edilib. Bunun da, 50 %-dən çoxu məcburi köçkündür. Bu il ərzində daha 45 təsərrüfat subyekti fəaliyyətə başlayacaq.
Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 70 obyektin istifadəyə verilməsi nəticəsində 1 009 nəfər işlə təmin ediləcək. Bu ərazilərdə, əsasən məskunlaşma gedən yerlərdə bütün sahələrdə iqtisadi aktivliyin artırılması əsas hədəfdir", - Ə. Məmmədov vurğulayıb.