Azərbaycanda ilk su anbarı nə vaxt inşa edilib? - ARAŞDIRMA

Azərbaycanda ilk su anbarı nə vaxt inşa edilib? - ARAŞDIRMA

Araşdırma

13 May 2024, 12:25

Su anbarları çay axınlarının toplanmasına və nizamlanmasına xidmət edən, qədim zamanlardan bəri insanların suya olan ehtiyacını odəmək və əkin sahələrinin suvarılması məqsədilə inşa edilən su təsərrufatı obyektidir.


Su anbarları sel və daşqın sularını tənzimləməklə, enerji istehsal etməklə, insanların həyat fəaliyyətinin inkişafında və ölkənin əkinçilik təsərrufatında böyük əhəmiyyətə malikdir.


Hazırda Azərbaycanda 153 su anbarı var. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunur.


Bəs Azərbaycanda tikilən ilk su anbarı neçənci ildə inşa edilib?


Suinfo.az Azərbaycanda yaradılmış ilk su anbarı ilə bağlı araşdırmanı təqdim edir.


Azərbaycanda ilk su anbarı 1864-cü ildə Qanlıgöl adlanan bölgədə inşa edilib.  Ümumi sututumu 0,9 milyon kubmetr olan su anbarı  Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonununda olan Küküçayın hövzəsində tikilib.


On altıncı əsrdən başlayaraq bir neçə dəfə bənd tikilsə də, yazda qar-yağış sularından yaranan sellərə davam gətirməyərək dağılıb. On doqquzuncu əsrin ortalarında isə Naxçıvanda qəza rəisi işləyən A.P.Şahingirey burada bənd inşa etdirib. Bu haqda məlumat gölün cənub tərəfində olan iri qaya parçası üzərində ərəb-fars və rus dilində həkk edilən kitabədə öz əksini tapıb.


İri həcmli dağ daşlarından inşa edilmiş bəndin uzunluğu 45 metrdir. Bənddən suyun çıxan hissəsi yonulmuş daşlarla işlənib, çıxış kanalının döşəməsinə daş döşənib. Bəndin divarları iki yarımdairəvi kontrforsla möhkəmləndirilib. Bənd vasitəsilə yaradılan gölün sahəsi 10,2 ha, uzunluğu 460 metr, maksimal eni 222 metr, sahil xəttinin uzunluğu 1430 metr, həcmi 1,2 milyon kub metrdir. Gölün suyundan Şahbuz rayonunun kəndlərinin əkin sahələrini və yaylaqlarda otarılan mal-qaranın suvarılması üçün istifadə edilir.
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et