Füzuli şəhərində subartezian quyularının qazıntısına başlanılıb

Füzuli şəhərində subartezian quyularının qazıntısına başlanılıb

Müsahibə

24 Aprel 2024, 11:45

Füzuli şəhərini perspektiv inkişafa uyğun olaraq dayanıqlı içməli su ilə təmin etmək üçün yeni subartezian quyularının qazıntısına başlanılıb. Bu məqsədlə rayonun Gövşadlı kəndi yaxınlığında 15 ədəd subartezian quyusunun qazılması layihələndirilib, ilk quyunun qazıntısına başlanılıb.

 

Bunu Suinfo.az-a açıqlamasında Qarabağ Regional Sukanal İdarəsinin rəisi Müşfiq Adıgözləov söyləyib.

"2023-cü ilin may ayında cənab Prezident tərəfindən təməli qoyulmuş infrastruktur 2040-cı ilədək perspektiv inkişafı nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Layihəyə əsasən, Füzuli şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək ümumi tutumu 22 min kubmetr olan 4 su anbarı inşa ediləcək. Hazırda Zərgər kəndi yaxınlığında 2 ədəd su anbarı tikilir. Mərkəzi anbarlardan Füzuli şəhərinə 10,7 km uzunluğunda magistral su kəmərinin inşası artıq yekunlaşıb. Layihəyə əsasən Füzuli şəhərində 103 km içməli, 87 km tullantı və 100 km yağış su şəbəkələri inşa olunacaq. Füzuli şəhərində formalaşacaq tullantı sularının ekoloji baxımdan təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 15 min kubmetr olan tullantı sutəmizləyici qurğu da tikiləcək”.

 

Qeyd edək ki, Füzuli şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək. Subartezian quyularının işçi vəziyyəti, anbarlarda suyun səviyyəsi, paylayıcı şəbəkədə hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək. Yaradılacaq infrastrukturun imkanları hesabına gələcəkdə Füzuli rayonunun Dövlətyarlı və Dədəli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Böyük qayıdış planına uyğun olaraq Füzuli şəhərində yaşayan insanlar hazırda dayanıqlı içməli su ilə təmin olunur. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası inşa edilib. Eyni zamanda şəhərdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi məhsuldarlığı sutka ərzində 600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et