Azərbaycanın su ehtiyatları 15-20 faiz azalacaq - Ekspert AÇIQLADI

Azərbaycanın su ehtiyatları 15-20 faiz azalacaq - Ekspert AÇIQLADI

Müsahibə

27 Fevral 2024, 14:55

Artıq plantemizdə şirin su ehtiyatları kritik səviyyədə azalıb. Buna səbəb kimi ölkələrin sənaye fəaliyyətləri və iqlim dəyişmələri göstərilir. Su qıtlığının qarşısını almaq üçün bəzi dövlətlər müəyyən addımlar atmağa başlayıb. 


Azərbaycan da aşağı axın ölkəsi olduğu üçün su ehtiyatları ilə o qədər də zəngin deyil. Respublika ərazisində olan çayların 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Bundan əlavə iqlim dəyişmələri və suya olan tələbatın çoxalması da müəyyən problemlər yaradır.


Bəs gələcəkdə Azərbaycanın su ehtiyatları azala bilər mi?  


Mövzu ilə bağlı Suinfo.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasov söyləyib ki, ölkəmizda su ehtiyatlarının azalmasına təsir edən faktorlardan biri yuxarı axın ölkələri tərəfindən çoxsaylı su götürmələridir.


"Azərbaycanda su ehtiyatlatlarının azalma dinamikasında bir neçə faktor önəmli rol oynayır. Bunlardan ən əsası iqlim dəyişmələridir. Hətta, yaxın onilliklərdə Azərbaycan su ehtiyatlarının 15-20 faizinin iqlim dəyişmələri nəticəsində azalması gözlənilir. Əlbəttə ki, bu azalma ölkəmizdə həm də suya olan tələbatın artması fonunda başverir. Azərbaycanın su ehtiyatlarını təsir edən digər faktor isə yuxarı axın ölkələri tərəfindən çoxsaylı su götürmələrinin artmasıdır:",- deyə o əlavə edib. 


R.Abbasov vurğulayıb ki, alternativ su mənbələrindən istifadəni genişləndirməliyik: "Su ehtiyatlarımızın 70 faizindən çoxu qonşu ölkələrdə formalaşır. Bu ölkələr Türkiyə, Ermənistan və Gürcüstandır. Həmin dövlətlərdə də suya olan tələbatın artmasıyla biz onlardan daha da az su alacağıq. Suya olan tələbatın artması da ölkəmiz üçün çox böyük bir təhdiddir. Tələbatın artması o deməkdir ki, Azərbaycanda əhali sürətlə artır. Bu da gələcəkdə su çatışmazlığının yaranmasına gətirib çıxara bilər. Su çatışmazlığının qarşısını almaq üçün isə biz müasir suvarma texnologiyalarına keçid etməliyik. Həmçinin alternativ su mənbələrindən istifadəni getdikcə genişləndirməliyik". 


Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et