Hacıalılar kəndinin su probleminin həlli üçün layihə hazırlanacaq - \"Azərsu\"

Hacıalılar kəndinin su probleminin həlli üçün layihə hazırlanacaq - \

30 Noyabr 2023, 11:02

Şəmkirin dağ ətəyində yerləşən Hacıalılar kəndində sakinlər uzun illərdir su problemi ilə üz-üzədir. Kəndə bir vaxtlar içməli su xətti çəkilsə də, sakinlərin sevinci elə də çox çəkməyib. Mənbədə su azaldığından onun verilişi dayanıb.

 

"Suinfo.az" xəbər verir ki, bu səbəbdən sakinlər kənddən bir neçə yüz metr aralıda axan zəif sulu bulaqlardan gün ərzində bir neçə dəfə su daşımalı olurlar.

 

Kənd sakini Esmira Həsənova deyir ki, gün ərzində bir neçə dəfə bulağa gedib-gəlir, evə su aparır. “Sübh tezdən saat 5-dən oyanıb, saat 11-ə qədər su başında növbə tuturuq. Bəzən elə olur ki, su heç mal-qaraya da çatmır, məcbur olub qonşu kənddən, Çənlibeldən 35-40 manata su gətizdiririk. O su da bizi bir həftə görmür”, - deyə Esmira Həsənova bildirir.

 

Sakinlər demək olar ki, günlərinin əksər vaxtını bulaq başında növbədə keçirirlər. Sərxanə Əhmədova da onlardan biridir: “Kəndimizin su problemi çox ciddidir. Bunun qışı var, yazı var. Gəldilər su xətti çəkdilər, çənlərə vurdular. Amma, gördüyünüz kimi, bulaqdan da su az gəlir. Kəndlə məsafə isə çoxdur. Bu bulağın suyu kəndi təmin etmək gücündə deyil”.

 

Kəndin yaşlı sakinlərindən olan Qəzənfər Əhmədov isə deyir ki, yayda bulaqdan su normal axır. Elə ki, havalar soyudu, bulağın suyu da zəifləyir. O, indi bulağa bir təhər gedib-gəldiyini söyləsə də, qışda qarda, şaxtada bu yolu getməyin çətin olduğunu bildirir: “Kimin imkanı çatırsa, suyu maşınla gətirir. Eləsi də var gətirə bilmir. Meyvə ağacları susuz qalıb quruyur. Çənlibel kəndi tərəfdə su mənbələri var. İstəyimiz odur ki, oradan bizim kəndimizə su çəksinlər”.

 

Suyu hər bir evin həyətində çənlərə və ya hovuzlara yığan sakinlər tələbatlarını yalnız bir neçə günlük toplaya bilirlər.

 

Hacalılar kəndinin su problemi ilə əlaqədar “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Bildirdi ki, vaxtilə Hacalılar kəndinin mövcud bulaqlarının suyundan istifadə etməklə infrastruktur layihəsi təsdiqlənərək həyata keçirilib. Layihə çərçivəsində həmin ərazidə nasos stansiyası, transformator və su toplayıcı çənlər quraşdırılsa da, sonradan qlobal iqlim dəyişmələri ilə əlaqdar bulaqların suyunda kəskin azalma baş verib və infrastruktur işlək vəziyyətdə olmayıb. Onun sözlərinə görə, Hacalılar kəndinin su təchizatının yaxşılaşdırılması ilə bağlı “Azərsu” ASC-yə müraciət daxil olub və gələcəkdə kəndin su təchizatının aparılması ilə bağlı layihə işlənib hazırlanacaq. (AzərTac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et