Evlərə su sifarişi, su filtrlərindən narazılıq – Hansı suyu içməliyik? 

Evlərə su sifarişi, su filtrlərindən narazılıq – Hansı suyu içməliyik? 

Araşdırma

21 Fevral 2024, 14:00

Evlərə verilən içməli suyun keyfiyyəti tez-tez müzakirə mövzusuna çevrilir, vətəndaşlar suyun keyfiyyətindən narazılıqlarını bildirirlər. Evlərə verilən içməli suyun keyfiyyətindən əmin olmadığını bildirənlər ya su filtrlərindən, ya da qablaşdırılmış sulardan istifadə etdiklərini ifadə edirlər. Şikayətlər isə əsasən, suyun bulanıq olması, qablara yığıldıqdan sonra çöküntünün əmələ gəlməsi ilə bağlı olur.

Evlərə verilən içməli suyun bulanıq və çöküntülü olmasının səbəbləri nələrdir?

Suinfo.az  xəbər verir ki, mövzu ilə bağlı “Azərsu” ASC-nin Texnoloji Proseslərə Nəzarət və Suyun Təhlükəsizlik şöbəsinin rəisi, baş texnoloq Cəmil Babayev də ASC-nin “qaynar xətti”nə belə şikayətlərin daxil olduğunu deyir.

Lakin onun sözlərinə görə, bu cür hallarda araşdırmalar zamanı səbəbin bir çox hallarda mənzil-tikinti kooperativlərinin nəzarətində olan su qurğularının təmizlənməməyi ilə bağlı olduğu üzə çıxır:


“Bakı şəhərində 2 mindən artıq mənzil-tikinti kooperativi var. “Azərsu” ASC orada, onları qurğularına xidmət göstərmir. Vətəndaşların mənzillərinə verilən sudan bu cür şikayətlərin olmasından belə qənaətə gəlinir ki, bu, su çənlərinin vaxtlı-vaxtında yuyulmaması ilə bağlıdır. Suda bulanıqlıq, çöküntü ilə bağlı vətəndaşlardan daxil olan şikayətlər araşdırıldığı zaman məlum olur ki, suyun bulanıq gəlməsi 24 saat davam etmir. Mənzil-tikinti kooperativinin ərazisində olan su çənlərinin dib hissəsində çöküntü toplanır. Həmin çənlər düzgün istismar edilmədikdə, məsələn, suyun səviyyəsi həddindən artıq aşağı salınanda onun tərkibində olan çöküntülərin konsentrasiyası ümumi həcmdə daha da artır. Bu zaman su pompaları suyu palçıqlı və çöküntülü formada mənzilə ötürür. Bu ötürülmə zamanı kommunikasiya sistemlərinin kor nöqtələrində toplanır və zaman-zaman vətəndaşların mənzillərində santexnika vasitələrinin tıxanmasına səbəb olur”.


Cəmil Babayev deyir ki, su nümunələrindən analiz aparılarkən müəyyən olunur ki, su mənzil-tikinti kooperativlərinə qədər bütün parametrlərə cavab verir, ancaq mənzildə suyun keyfiyyətində müəyyən kənara çıxmalar olur: “Bu, bulanıqlıq və yaxud da bakterial göstəricilərdə də özünü göstərir. Bu zaman mənzil-tikinti kooperativinə xəbərdarlıq edilir ki, su çənlərini yusun, lakin bəzi hallarda mənzil-tikinti kooperativləri dövlət standartlarında da əksini tapmış bu tələblərə əməl etmirlər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov vətəndaşlardan evlərə verilən içməli suyun bulanıq və ya çöküntülü gəlməsi ilə bağlı şikayətlər aldıqlarını təsdiqləyir: “Su ilə bağlı yaranan narazılıqlarla əlaqədar Azad İstehlakçılar Birliyinə ayda bir-iki telefon zəngi daxil olur. İstehlakçıların müraciətləri əsasən, suyun fasilələrlə verilməsi və ya verilməməyi, eyni zamanda, suyun bulanıq olması, bəzən də sudan qoxu gəlməsi ilə bağlı olur”.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirir ki, müəyyən yerlərdə boru xətlərinin istismar müddəti bitib: “Bakı və Abşeron yarımadasına içməli su bir neçə mənbədən verilir. Su ehtiyatı Ceyranbatan su anbarında toplanır və “Azərsu” ASC tərəfindən yeni texnologiyaların tətbiq edildiyi süzgəclərdən keçirilərək ötürülür. Su mənzillərə çatdırılarkən müəyyən yerlərdə boru xətlərinin istismar müddəti bitdiyi üçün təmiz su çatdırılarkən keyfiyyət göstəricilərindən kənara çıxmalar ola bilir”.

Eyyub Hüseynov deyir ki, vaxtilə “Azərsu” ASC-nin sutəmizləmə qurğularında monitorinqlər keçiriblər: “8 il bundan öncə Dünya Su Konqresində iştirak etmişdim və Bakıya döndükdən sonra “Azərsu” ASC-nin sutəmizləmə qurğularında monitorinqlər keçirdim, o cümlədən, Kür sutəmizləmə qurğularında da oldum. Məlum oldu ki, “Azərsu” ASC suyu müəyyən qədər müasir üsullarla təmizləyir”.

Eyyub Hüseynovun fikrincə, su infrastrukturu köhnəlib və evlərə verilən suyun tez-tez bulanıq olmasının səbəbi də budur: “Su infrastrukturu o qədər köhnəlib ki, tez-tez qəzalar olur və bu qəzalar zamanı bulanmış, kirlənmiş su meydana çıxır. Bu cür qəzaların sayı isə həddindən artıq çoxdur. Suyun evlərə bəzən bulanıq gəlməsinin səbəbi də bu qəzalardır”.

 

Su infrasturukturunun köhnəlməsi və bunun nəticəsində evlərə verilən suyun bulanıq gəlməsi ilə bağlı məsələyə gəlincə, “Azərsu”nun şöbə rəisi Cəmil Babayev deyir ki, hazırda ASC-nin istismarında olan su təchizatı sistemlərində suyun keyfiyyətinə təsir edəcək hansısa amil yoxdur: “Qəza halları isə dünyanın hər bir yerində hər an baş verə biləcək prosesdir. Bakı şəhəri və Abşeron yarımadasında da müxtəlif nöqtələrdə qəza halları olur. Bu isə su təchizatı sisteminin hazırkı vəziyyəti ilə bağlı deyil. Əksər su təchizatı sistemləri yenidir. Ətraf kənd-qəsəbələrdə əhalinin özü tərəfindən normalara cavab verməyən, primitiv formada çəkilən xətlərdə qəza halları daha çox olur. Bu zaman bəzi hallarda müəyyən qədər suyun keyfiyyət göstəricilərində kənara çıxmalar da olur. Bunlar da daim nəzarətdə saxlanılır. Hansısa qəza halları nəticəsində suyun keyfiyyət göstəricilərində kənara çıxma halları olursa, vəziyyətə operativ müdaxilə edilir”.


Onun sözlərinə görə, dünyanın hər bir yerində olduğu kimi, bizdə də su təchizatı sistemlərində - mənbədən istehlakçının su krantına qədər qəza hallarının baş verməsi qaçılmazdır: “Bu zaman antropogen təsir nəticəsində suda müəyyən dərəcədə bulanıqlıq da müşahidə oluna bilər. Bununla bağlı vətəndaşlar tərəfindən də müraciətlər daxil olur ki, su müəyyən qədər bulanıq gəlir, iki saatdan sonra şəffaflaşır”.

Cəmil Babayevin fikrincə, suda qəzalar nəticəsində meydana gələn və qısa müddət müşahidə edilən bu cür dəyişiklik insan səhhətinə zərər vurmayan kənara çıxmalardandır: “Ümumilikdə bu cür hallar hər gün baş vermir. Lakin bir vətəndaşın mənzilinə suyun davamlı olaraq bulanıq gəlməsi halı lokal xarakterli problemlərdə müşahidə olunur. Bu zaman da biz operativ reaksiya veririk, sudan nümunələr götürürük. Vizual olaraq müşahidə aparırıq, problemlərin həllinə çalışırıq”.


Su infrasturukturunun yenilənməsi ilə bağlı məqama gəlincə isə, Cəmil Babayev qeyd edir ki, ətraf kənd-qəsəbələrdə əhalinin özü tərəfindən çəkilən primitiv su şəbəkələri yenilənir, bu istiqamətdə yeni layihələr icra olunaraq bu problemlər mərhələli şəkildə aradan qaldırılır: “Xüsusilə qeyd etmək istərdim ki, su təchizatı sisteminin istismar müddəti 50 ilə yaxındır və həmin müddətə yaxınlaşmış su təchizatı sistemlərində mütəmadi olaraq yenilənmə işləri aparılır. Bu zaman su təchizatı şəbəkəsi metal konstruksiyalı borulama sistemləri, ömrü daha uzun polietilen materiallı sistemlərlə əvəzlənir”.

Ölkəmizdə içməli suyun keyfiyyətinə nəzarət hansı formada həyata keçirilir?

Şöbə rəisi Cəmil Babayev vurğulayıb ki, içməli suya nəzarət 2023-cü il aprelin 7-də təsdiqlənmiş AZS 929 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartının tələblərinə uyğun olaraq həyata keçirilir: “Bu standartda suyun 100-ə qədər keyfiyyət parametri təsdiqlənib. Bunlardan 2-si mikrobioloji, 2-si radioloji, qalanları isə suyun fiziki-kimyəvi orqanoleptik göstəriciləri hesab edilir. Ölkəmizdə içməli suyun keyfiyyətinə nəzarət “Azərsu” ASC-nin mərkəzi laboratoriyası və onun struktur vahidlərinin köməkliyi ilə, o cümlədən, istehsalat laboratoriyaları ilə həyata keçirilir. Dövlət səviyyəsində nəzarəti isə Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirir. Mərkəzi laboratoriya Bakı şəhəri, Abşeron yarımadasını, eyni zamanda, regionlarda mənbələrdən nümunələrin toplanmasını, ümumi analizlərin aparılmasını təmin edir. Bundan başqa, 9 regional laboratoriya mövcuddur ki, onlarda da su nümunələrinin toplanması və analizləri həyata keçirilir”.

Cəmil Babayev bildirib ki, regionlarda su təmizləyici emal qurğularının ərazisində suyun bulanıqlığını, tərkibində sərbəst xlorun miqdarını təyin edən kiçik həcmli istehsalat laboratoriyaları da mövcuddur: “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi “Azərsu” ASC üzərində suyun keyfiyyəti nöqteyi-nəzərindən nəzarətedici qurumdur. Birgə monitorinqlər təşkil olunur, yaxud fərqli zamanlarda da mərkəz istədiyi nöqtələrdə monitorinqlər apara bilir. Laboratoriya nümunələrində hansısa problemlər, kənara çıxmalar aşkar olunarsa, bu barədə “Azərsu”ya rəsmi qaydada bildiriş verilir. Eyni zamanda, bunların əsasında birgə monitorinqlər təşkil olunur, suyun keyfiyyətinin və təhlükəsizliyinin təminatı üzrə bir sıra işlər bu monitorinqlər əsasında aparılır”.

Su çənlərinin təmizlənməsi ilə bağlı məsələyə aydınlıq gətirən Cəmil Babayev qeyd edib ki, “Azərsu” ASC-nin istismarında olan su çənləri hər ilin əvvəlində Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırma əsasında ildə minimum bir dəfə yuyulur və zərərsizləşdirilir: “Yəni çənlər dibində olan çöküntülərdən təmizlənir və səthi hər kvadratmetrində 0.5 litr zərərsizləşdirici maddə ilə yuyulur. Bu prosesi GEM əvvəldən sona qədər müşahidə edir və yuyulma prosesi bitdikdən sonra su anbarı doldurulur. Orada həm “Azərsu” ASC-nin, həm də Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyası tərəfindən su nümunələri götürülür və keyfiyyət parametrləri təyin olunur, hər bir göstərici keyfiyyət parametrlərinə cavab verdiyi halda həmin su anbarının istismarına icazə verilir”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən içməli suyun keyfiyyətinə nəzarətlə bağlı sorğumuza cavabda bildirilib ki, ölkədə içməli-məişət məqsədləri üçün əsasən, müxtəlif su mənbələrindən nümunələr götürülərək mərkəzləşdirilmiş qaydada verilən içməli suyun keyfiyyətinin fiziki-kimyəvi və bakterioloji tərkib göstəricilərinin hazırda qüvvədə olan Dövlət Standartının tələblərinə uyğunlaşdırılması üçün müxtəlif emal üsulları tətbiq olunur və əhalinin istifadəsinə verilir: “Əhalinin içməli-məişət su təchizatına nəzarət məqsədi ilə respublikanın şəhər və rayonlarının əhali sayı nəzərə alınmaqla su təchizatı sistemlərindən rüblük, aylıq və həftəlik götürülən su nümunələrinin bilavasitə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında müayinələri aparılır”.


Eyni zamanda, məlumatda vurğulanıb ki, 2023-cü ildə GEM-nin laboratoriyalarında 5419 içməli su nümunəsi müayinə olunub: “Dövlət standartının tələblərinə uyğunsuzluqlar qeydə alındıqda müvafiq tədbirlərin görülməsi üçün “Azərsu” ASC-yə təkliflər verilir”.

Ümumilikdə Azərbaycan əhalisi keyfiyyətli su ilə tam təmin olunurmu?

Mövzu ilə bağlı həmsöhbətimiz Cəmil Babayevin fikrincə, bu gün Azərbaycan əhalisi keyfiyyətli su ilə təmin olunur:

“Əvvəla qeyd etmək istəyirəm ki, Bakı şəhəri, Abşeron yarımadası əsasən, 5 su mənbəyindən qidalanır ki, bunlardan biri və əsas olanı Ceyranbatan su anbarıdır. Ceyranbatan su anbarına qəbul edilən xammal su iki ayrı tipli emal qurğularında emal olunur. Bunun klassiki qum süzgəcli Su Təmizləyici Qurğular Kompleksi, digəri isə Ceyranbatan ultra süzgəcli Su Təmizləyici Qurğular Kompleksidir. Bu kompleks də innovativ texnologiyalarla təmin edilib və əhalinin içməli su ilə təminatında əhəmiyyətli rol oynayır. Digər mənbələrdən biri Oğuz-Qəbələ-Bakı su kəməri mənbəyidir. Bu mənbə üzrə ümumilikdə 88 artezian və subartezian quyular mövcuddur ki, bu quyulardan əldə olunan su 262 km məsafədən Bakı şəhər və Abşeron yarımadasına nəql edilir. Bu su emal prosedurlarından keçmir, çünki suyun keyfiyyət parametrləri tələblərə cavab verir və yalnız mərkəzi nasos stansiyaları və su anbarlarına ötürülmədən öncə zərərsizləşdirilərək nəql edilir.


Digər su mənbələrimiz Şollar və Xaçmaz su mənbələridir. Bunlar da yeraltı su mənbələridir və heç bir emal prosedurundan keçmədən yalnız zərərsizləşdirilərək Bakı şəhərinə və Abşeron yarımadasına su ötürülür. Beşinci su mənbəyi isə Kür su təmizləyici qurğular kompleksidir ki, burada da klassik qurğulardır, yəni qum süzgəcli qurğulardır. Burada Kür çayından əldə olunan xam suyun bulanıqlıq göstəricisinə əsasən, iki və yaxud üç mərhələli emal prosesindən keçdikdən sonra zərərsizləşdirilərək Bakı şəhərinə və Abşeron yarımadasına ötürülür. O cümlədən əsas hissəsi isə Saatlı, Sabirabad, Hacıqabul, Şirvan, Salyan və Biləsuvar kimi şəhərləri içməli su ilə təmin edir”.

 

Cəmil Babayev onu da bildirib ki, regionlarda bir sıra su mənbələri mövcuddur ki, buna yeraltı və yerüstü su mənbələri aid edilir: “Kür su təmizləyici qurğuları kompleksi ən əsası regionlarımızda olan rayonların içməli su təchizatına xidmət göstərir və bir qismi də Bakı şəhərinə nəql olunur.

Bir sözlə, nəinki iri şəhərlərdə, eyni zamanda, regionlarımızda da suyun keyfiyyətinə daim nəzarət olunur və əhalinin təmin olunduğu içməli su AZS 929 dövlət standartının tələblərinə tam cavab verir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədovun sözlərinə görə, ölkədə vətəndaşların keyfiyyətli su ilə təminatı qənaətbəxş səviyyədədir: “Buna bir neçə dövlət qurumu nəzarət edir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, qəzalar olmasa, Bakı şəhərində əhaliyə verilən su normaldır, içmək olar.

İçməli suyun bulanıq və ya çöküntülü gəlməsindən narazı olanlar su filtrlərindən istifadə edirlər. İdeal içməli su necə olmalıdır, bu məsələdə su filtrlərinə etibar etmək olarmı?

Bu barədə suallarımızı cavablandıran Cəmil Babayevin sözlərinə görə, əvvəla, suyun keyfiyyətinin təyin olunması üçün mütləq qaydada laboratoriya analizi lazımdır: “Süzgəc satan şirkətlər mənzillərə yaxınlaşaraq tək bir cihazdan istifadə edərək və o cihazın parametrlərini anlamadan fikir yürüdərək öz avadanlıqlarını satmağa çalışırlar. Bu zaman əhali də bu reklama inanaraq onları alır və hesab edirlər ki, evlərə verilən şəbəkə suyu keyfiyyətsizdir. Bu, tamamilə yanlışdır. Bir parametrlə suyun keyfiyyəti təyin edilmir.
Suyun keyfiyyət parametrlərinin sayı çoxdur. Çünki suyun tərkibində həm sadə, həm də mürəkkəb birləşmələr var. Eyni zamanda sərbəst şəkildə kationlar və anionlar mövcuddur. Dövlət standartı bu gün 100 parametr olaraq müəyyənləşib ki, bununla suyun keyfiyyəti və ya parametrlərində kənara çıxmaların olub-olmaması barədə fikir söyləmək mümkündür. Eyni zamanda, kənara çıxmaların parametrlərindən asılı olaraq emal üsulu seçilir və xam su emal edilərək içməli su halına gətirilir. Yəni bir və ya iki parametrlə suyun keyfiyyəti haqqında fikir yürütmək çətindir. Bu məsələdə kompleks yanaşma lazımdır”.

Eyni zamanda, o qeyd edir ki, ideal içməli suyun əks-osmos tipli süzgəclərdən keçmiş su olduğuna dair fikirlər səsləndirilsə də, bu, belə deyil: “Hesab edirəm ki, ideal içməli su təbii mineral tərkibə malik olan su hesab olunur. Əks-osmos süzgəclərinin məsamələri o qədər kiçik olur ki, o emal zamanı yalnız su molekullarını buraxır. Suyun tərkibində olan bütün mineral tərkib tullantı kimi ayrılır. Bu tip qurğularda emal olunan su əgər müəyyən texnoloji qaydalara əməl olunmazsa, yaxud əlavə süni minerallaşdırıcı maddələrdən istifadə edilərək tərkibinə minerallar əlavə olunursa, yararlı su kimi istifadə etmək düzgün deyil. Mineral tərkibi olmayan su insan orqanizmində sümüklərin inkişafında, kalsium, maqnezium çatışmazlığına, ürək-qan-damar problemlərinə səbəb olur, uşaqların inkişafında problemlər yaradır”.

Texnoloq xatırladır ki, əks-osmos tipli süzgəclərdən düzgün istifadə qaydaları var: “İri sənaye tipli müəssisələrdə əks-osmos tipli su təmizləyici qurğulardan istifadə edərkən qaydalara əməl edilməklə suyun tərkibi standartlara yaxınlaşdırılmaqla daha keyfiyyətli suyun əldə edilməsinə gətirib çıxara bilər. Lakin əhalinin fərdi qaydada istifadə etdiyi kiçik həcmli əks-osmos tipli süzgəclərdən düzgün qaydada istifadə olunmur ki, bu da gələcəkdə fəsadlara səbəb ola bilər”.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib ki, su filtrlərinin keyfiyyəti istehsalçısından asılı olur və ölkəmizə fərqli ölkələrdə istehsal olunan su filtrləri idxal olunur: “Əhali öz maddi imkanlarına görə seçim edə bilir. Bu zaman aşağı keyfiyyətli su filtrləri ilə bağlı problemin yaşanması mümkündür. Ümumilikdə filtrlərin membranını dəyişdirmək, təmizləmək lazımdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, su filtrləri ilə bağlı onlara da şikayətlər daxil olur: “Əhali tərəfindən su filtrləri ilə bağlı narazılıqlar var. Su filtrləri müxtəlifdir. Bəzi filtrlər suyu qumdan, çirkdən təmizləyir, bəziləri molekulyar səviyyədə təmizləyir və s. Buna görə filtr quraşdıran zaman gərək filtrin funksiyasını araşdırsınlar. Ölkədə filtr quraşdıran 20-dən çox şirkət var. Çox təəssüf ki, filtrlərin monitorinqi aparılmır”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən APA-nın sorğusuna cavabda bildirilib ki, daxil olan müraciətlər əsasən, su filtrlərinin qiymətlərinin baha olması səbəbindən qaytarılması ilə bağlıdır: “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, öz məhsulları üçün qiymətlər (tariflər) müəyyənləşdirmək sahibkarın hüququdur. Yəni sahibkar sərbəst şəkildə malın qiymətini müəyyənləşdirə bilər. Beləliklə, satıcı ilə alıcı malın qiyməti barədə razılaşaraq sərbəst formada müqavilə imzalaya bilərlər. Digər tərəfdən qanunvericiliyə əsasən, lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var. Mal istifadə olunmadığı, əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, malla birgə verilmiş sənədlər saxlanıldığı halda, satıcı su filtrini dəyişdirə və ya dəyişdirmək üçün uyğun mal olmadığı təqdirdə, qaytara bilər.
Dəyişdirmək üçün alıcıya uyğun mal təklif edə bilmədikdə yuxarıda qeyd edilən şərtlər daxilində satıcı malı geri götürməli və alıcının ödədiyi vəsaiti geri qaytarmalıdır. Lakin adıçəkilən malın istehlakçının evinə quraşdırıldığı halda artıq mal istifadə edilmiş və əmtəə görünüşü pozulmuş hesab edilir və bu səbəbdən satıcıya geri qaytarılması mümkün olmur. Alıcı mal barəsində yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi nəticəsində özünə lazım olmayan malı əldə etməsini sübuta yetirərsə, müqaviləni ləğv edə, mal üçün ödədiyi vəsaiti, həmçinin ona dəymiş zərərin ödənilməsini tələb edə bilər”.

Dövlət Xidməti istehlakçılara su filtri alan zaman müxtəlif bazar subyektlərinin təklif etdiyi qiymətləri müqayisə etməyi, şişirdilmiş qiymətlərlə su filtri satan şirkətlərin reklamlarına aldanmamağı, alqı-satqı prosesində ödəniş sənədlərini tələb etməyi, zəmanət verilməyən məhsulları almaqdan çəkinməyi, eyni zamanda satıcı şirkət tərəfindən təqdim olunmuş müqaviləni diqqətlə oxumağı tövsiyə edir:

“İstehlakçılar bu sahədə mənfi hallarla üzləşdikləri zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (- //competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (- [email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər”.

Qablaşdırılmış sulara nəzarət və onların keyfiyyəti ilə bağlı məqama gəlincə isə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Qida Təhlükəsizliyi Agentliyi qablaşdırılmış suların etiket məlumatları ilə mənbəyini araşdırıb və bu sahədə kiçik dəyişiklik edib:
“Belə ki, qablaşdırılmış suların etiketində mənbəyi göstərilməlidir. Çox təəssüf ki, bu sahədə aldatmalar mövcuddur. Düşünürəm ki, əhali müxtəlif sulardan istifadə etməlidir. Problemlə üzləşdiklərində Qida Təhlükəsizliyi Agentliyinin “qaynar xətti”nə - 1003 nömrəsinə zəng edərək məlumat verməklərini tövsiyə edirəm”.

Qida Təhlükəsizliyi Agentliyinin ötənilki məlumatına görə, agentlik tərəfindən bu istiqamətdə görülmüş tədbirlər çərçivəsində 2023-cü il ərzində ölkə ərazisində fəaliyyət göstərən 22 su emalı müəssisəsində planlı və plandankənar yoxlama həyata keçirilib: “Yoxlamalar zamanı 18 müəssisədə qida sahəsində qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub. Belə ki, emal edilmiş suların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığı, bəzi məhsullarda suların mənbəyinin göstərilmədiyi, bir çox hallarda isə mərkəzləşdirilmiş su sistemindən gələn sular (əhaliyə verilən sular), həmçinin artezian suları qablaşdırıldığı halda, məhsulun üzərində həmin suların müxtəlif təbii mənbələrdən, dağlardan və bulaqlardan gətirilərək qablaşdırıldığı, o cümlədən məhsulun etiketində dağların, bulaqların təsvirlərinin və müxtəlif coğrafi adların qeyd edildiyi müəyyən olunub. Bu da məhsulun üzərində qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, nəticədə qanunvericiliyə zidd olaraq istehlakçıların aldadılmasına səbəb olur. Həmçinin bəzi suların etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatların qeyd olunduğu müəyyən edilib”.


İşğaldan azad edilmiş ərazilərdəki su ehtiyatlarından istifadə ölkəmizdə ümumi su ehtiyatının formalaşmasında necə rol oynayacaq, ehtiyatın artmasına, əhalinin içməli su ilə təminatına nə dərəcədə təsir edəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov xatırladıb ki, Azərbaycanda su ehtiyatının 30 %-i daxili sular hesabına formalaşır, qalan hissəsi isə transsərhəd çaylar vasitəsilə ölkəyə daxil olan su hesabına formalaşır: “Ölkədə formalaşan 30% suyun da 25%-dən çoxu Qarabağ regionunun payına düşür. Bu əraziləri işğaldan azad etdikdən sonra su ehtiyatlarımızın böyük hissəsinə çıxış əldə etdik. Əhalinin içməli su ilə təminatında da bu, vacib rol oynayacaq. Orada böyük su ehtiyatı olduğuna görə, regiondakı su çatışmazlığının həllində bu ehtiyatdan faydalanmaq olar.
Qeyd edim ki, müasir dövrdə su ehtiyatının artırılması çətin məsələdir, çünki iqlim dəyişikliyi və su istehlakının artması kimi faktorlar var. Lakin mövcud ehtiyatın qorunması üçün işlər görülməlidir”.


(APA)
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et