BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas mövzuları maliyyə ilə bağlıdır.
Suinfo.az xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Real Tv”yə müsahibəsində deyib.
COP29-un müəyyən olunmuş prezidentinin sözlərinə görə, noyabrda keçiriləcək tədbirdə Azərbaycan bir çox məsələ üzrə mövqelərin yaxınlaşmasına çalışacaq: “Əlbəttə, bəzi məsələlərdə razılıq əldə olunmaya bilər. Amma biz çalışacağıq ki, buna nail olaq”.
M.Babayev söyləyib ki, müzakirə olunan mövzular çox müxtəlifdir: “Həmçinin içməli su problemi, buzlaqların əriməsi də əsas mövzulardan olacaq. Bunlar çox ciddi məsələlərdir. Ölkələr müvafiq adaptasiya tədbirləri görməlidirlər. Çünki istiləşmə davam etdikcə bu proses daha da gərginləşəcək. Ona görə də sudan düzgün istifadə ciddi mövzu olmalıdır. Bu, bütün ölkələrə aiddir. Biz bu mövzu ilə noyabrda böyük bir platforma açacağıq”.