"Sirab", "Badamlı" kimi plastik qablara doldurulan sular sağlamlıq üçün ZƏRƏRLİDİR - MÜSAHİBƏ

Müsahibə

1 Aprel 2024, 15:20

""Sirab" və "Badamlı" suları ilə bağlı istehlakçıların birmənalı olaraq şübhələri var"


""Sirab", "Badamlı" və istənilən plastik qablara doldurulan sular sağlamlıq üçün zərərlidir"


"Su filtri satan şirkətlərdən biri şəhid ailəsini aldadaraq 1000 manat pulunu mənimsəyib"


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Suinfo.az-ın suallarını cavablandırıb. 


Müsahibəni təqdim edirik. 


- Eyyub bəy, su bazarında vəziyyət necədir?


- Azad İstehlakçılar Birliyinin sədri olaraq 27 ildir istehlakçılara təmənnasız xidmət göstərən, Beynəlxalq İstehlakçı Təşkilatının Azərbaycandakı nümayəndəsi olaraq düşünürəm ki, ən gözəl ekspertiza ictimai rəydir. İctimai rəydə su bazarının çirklənməsi əks olunur. Mən də düşünürəm ki, həqiqətən də su bazarı çirklənib. Su təbiətin və ilahinin bir möcüzəsidir. Suyun qeyri adi özəlliklərindən su biznesi ilə maşğul olanlar geniş suiistifadə edirlər. İstehlakçılar mənə zəng edir ki, necə olur  1 litri 40 qəpiyə və 1 litri 9 manata olan sular var ? Mən isə bu suallara cavab verə bilmirəm. İstehlakçı suyu dadıyla, qoxusuyla həmin suyun təmizlənib - təmizlənməməyini müəyyən edə bilmir. İstehlakçılar belə bir səhv fikir söyləyirlər ki, mən filan təmizlənmiş suları içirəm. Elm hələ sübut etməyib ki, hansı DNK səviyyəsində suyu almalıyıq. Bədənimizin 85 faizi sudur, belə çıxır ki, xəstəliklərimizin də 85 faizinin su ilə birbaşa əlaqəsi var. İstehlakçılara suyu daim dəyişərək istəfadə etməyi məsləhət görürəm. Çünki bir su ailənin 3 üzvü üçün uyğun ola bilər, 2 üzvü üçün isə uyğun olmaya bilər. 


- Mağazalarda satılan sularla bağlı istehlakçıların şikayəti olubmu?


- Mənə daim ardıcıl zənglər gəlir. Onlar deyirlər ki, "Sirab" suyu ölkə üzrə bu qədər yayılıb, gündə çox sayda tırlar Naxçıvandan yola düşür ancaq biz bunların heç birini görmürük. Yəni istehlakçılarda sularla bağlı şübhələr var. Eləcədə digər sular, xüsusilə doldurulub evlərə 20 litrlik qablarda çatdırılan sular barəsində bu cür fikirlər mövcuddur. Düşüncələr bu yöndədir ki, heç kim həmin suların yarısının və yaxud bütöv bir hissəsinin təmizlənib - təmizlənmədiyini bilmir. Bütün bu vəziyyətdən istifadə edən böyük su filtrləri şirkətləri ortaya çıxıb. Onlar primitiv təcrübələrlə istehlakçıları aldadırlar.Onlar insanlara söyləyirlər ki, guya krandan gələn su təhlükəlidir. Ancaq heç kəs bunların doğru və ya yanlış olması barədə məlumatlı deyil. 

 


- Bəs ən çox hansı su şirkəti ilə bağlı şikayətlər var?


- Şikayətlər yalnız telefon vasitəsilə gəlir. Yəni yazılı şikayət yoxdur. Çünki istehlakçılar bunları ayırd edə bilmirlər. Lakin bizə nümunələr gətiriblər. Məsələn bizə "Çeşmə" suyunun iki növünü gətiriblər, onlardan birinin içərisində gümüşvari hissəciklər var. Digər bir nümunə olaraq "Qax" suyu gətirilmişdi və qapağı açılmamışdı, lakin içərisində milçək üzürdü. İstehlakçılar düşünürlər ki, bir yerdəki suyun içərisinə kənar cismlər düşür hansı sanitariyadan danışmaq olar? Çox yaxşı haldır ki, bu illərdə Qida Təhlükəsizlik Agentliyi suyun etiket məlumatlarını araşdırdı və bir çox su şirkətini ifşa etdi. Bu, çox yaxşı haldır. Çünki istehlakçı bilmək istəyir ki, istifadə etdiyi su haradan gəlir. Mən istehlakçılara məsləhət görə bilərəm ki, su aldıqda onun etiketlərini oxusunlar. Ümumiyyətlə, ölkəmizdə quyudan çıxarılıb, dağlardan gələn su kimi satılan sular mövcuddur. Bildirmək istəyirəm ki, hətta "Sirab" və "Badamlı" suları ilə bağlı istehlakçıların birmənalı olaraq şübhələri var. Həmin suların qablaşdırılması və miqdarı ilə bağlı ciddi narahatlıqlar mövcuddur. İstehlakçılar günün altında plastik qablara doldurulan suların nə dərəcədə sağlam olduqlarını sorğulayırlar. Bildirmək istəyirəm ki, "Sirab", "Badamlı" və istənilən plastik qablara doldurulan sular sağlamlıq üçün zərərlidir. Lakin bu zərəri kimsə araşdırmır. Bizə bu məsələ ilə bağlı istehlakçıların zəngləri daxil olur. 


 - Satışda olan suların tərkibi ilə bağlı hərhansısa bir araşdırma aparmısınız?


 - Xeyr, mən 10 il bundan qabaq bizdə olan kiçik bir cihazla çox primitiv bir araşdırma apardım və 12 su barədə məlumatlar yaydım. Bu, Azərbaycan tarixində ilk dəfə idi. Lakin bir həftə ərzində 2 yerdən məhkəməyə verildim. Adamlar mənə zəng edərək bildirdilər ki, sən heç bilirsən nəyə toxunmusan? 27 ildi mən bu işlə məşğulam. Bu müddət ərzində sularla bağlı ciddi bir araşdırmanın aparıldığına şahid olmamışam. 


- Eyyub bəy, bəzi istehlakçılar arasında belə bir fikir var ki, 5 - 10 litrlik sular krandan doldurulur. Bu məsələ nə qədər realdır?


- Bu məsələ istisna deyil. Ola bilər ki, bir hissəsi təmiz su olsun, bir hissəsi də kran suyundan doldurulsun. Biz istehlakçılar eləyik ki, bir mala öyrəşdiksə, sonra həmin şirkət  ətalət üzrə qeydolunan malı xarab da gətirsə, biz ona diqqət etmirik. Bizə bu barədə yalnız telefonla şikayət edirlər. Əslində məndən bu barədə araşdırma tələb edirlər, ancaq mənim araşdırma aparmaq üçün elə bir imkanım yoxdur. Ümumiyyələ, mənim fikrimcə ölkədə müstəqil laboratoriya yoxdur. Ölkəmizdə laboratoriyalar var və guya müstəqildirlər. Lakin onların verdiyi sənəd qanunvericiliyə görə hüquqi sənəd kimi qəbul olunmur. 


- Su ilə bağlı problemlərin həlli üçün dövlət qurumları ilə danışıqlar aparmısınız?


- Bəli, mən istəmişəm ki, bu məsələyə "Azərsu"yu cəlb edim. Çünki onların mükəmməl laboratoriyaları var. Lakin bu baş tutmayıb. Əslində halhazırda ölkədə su filtri satan şirkətlər "Azərsu" ASC-nin antireklamın aparırlar. Bəzən su şirkətlərinin də sularını saxtalaşdırırlar. Saxtalaşdırılan suların böyük bir hissəsi xaricdən gələnlərdir. Hətta "Nataktari" limanat şirkətinin saxtalaşdırılmış versiyası Azərbaycanda satılır. Məhz bu saxta varyant da Gürcüstandan gətirilir. Lakin şəffaf içməli suyun saxtalaşdırılmasını nə istehlakçılar, nə də laboratoriyalar ayıra bilmir. Bəzən malları saxtalaşdırılan şirkətlər də məhz bu prosesdə iştirak edirlər. Digər şirin suların vəziyyətidə qaranlıqdır. Çünki bu məsələ ilə bağlı heç bir şəffaf məlumat yoxdur. İndi hərhansı bir şirkətə getsək, suyun təmizlənməsi ilə bağlı məlumat verəcək. Lakin nəyi təmizlədiyi ilə bağlı bizdə bir məlumat yoxdur. İllər öncə "Coca - Cola" şirkəti ilə bağlı şikayət gəlmişdi. Məni hətta bundan sonra həmin şirkətə dəvət etdilər. Yəni o zamanlar böyük bir problem yaşanmışdı. 


 - Ölkədə satılan alkaqollu içkilərə qatılan sularla bağlı bir şikayət varmı? Məsələ ilə bağlı hərhansı bir araşdırma aparılıbmı?


 - Xeyr, bu məsələ ilə bağlı heç bir araşdırma yoxdur. Təəssüflər olsun ki, Qida Təhlükəsizlik Agentliyi malın yalnız təhlükəsizliyinə təminat verir. Lakin keyfiyyət məsələsi masanın üzərində qalır və heç bir dövlət qurumu bu məsələ ilə məşğul olmur. Ümumiyyətlə, ölkəmizdə istehlakçı siyasəti bərbat gündədir.


 - Cəmiyyətimizdə su filtrlərinin əslində heç bir işə yaramadığı haqqında fikirlər var. Sizdə bu haqda məlumatlar varmı? Mövzu ilə bağlı sizə şikayət edilib?


 - Filtrlər suyu təmizləyir, lakin nəyi təmizləyir? Yəni ölü suya çevirməsi yoxsa lillərdən təmizləməsi haqqında dəqiq məlumat yoxdur. Həmin filtrlər suyu şəffaflaşdırır, lakin insan orqanizması üçün xeyrli olan hansı mineralların təmizlənməsi barəsində də hərhansı bir infromasiya verilmir. Sadəcə ortada böyük bir mif gəzir. Su filtri satan şirkətləri çox qəribə strategiyaları var. Gecə saatlarında evlərə gedərək, insanları yorurlar. Hətta qeyd etmək istəyirəm ki, həmin şirkətlərdən biri olan "Manqus" su filtri şirkəti Sabirabad rayonunun Nəsimi kəndində şəhid ailəsini aldadıb. Onlara televizya bağışlayacaqlarını vəd edib, sonda ailənin 1000 manatını mənimsəyiblər. Biz nə qədər çalışsaq da həmin o su filtrini oradan yığışdıra bilmədik. Hətta mən dedim ki, pulun yarısını mən verirəm, filtrinizi geri götürün və şəhid ailəsinin pulunu geri qaytarın. Lakin buna da razı olmadılar. Yəni istehlakçılara qarşı bu cür amansız davranan şirkətlər də var. 
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et