Xəzərin səviyyəsi 20 metr aşağı düşə bilər - Professor

Xəzərin səviyyəsi 20 metr aşağı düşə bilər - Professor

Müsahibə

26 Avqust 2024, 17:40

Xəzərin səviyyəsi 20 metrə yaxın aşağı düşə bilər.

 

Suinfo.az xəbər verir ki, bunu kademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.

 

O bildirib ki, burada 2 ölkənin (Rusiya və Azərbaycan) deyil, bütün Xəzəryanı ölkələrin fəaliyyəti vacibdir:

 

“Rusiya və Azərbaycanla yanaşı Türkmənistan, Qazaxıstan və İran da bu fəaliyyətə daxil olmalıdır. Bir neçə il bundan əvvəl Xəzərin ekologiyasının qorunması barədə Tehran Konfransı keçirildi. Burada müəyyən qərarlar verildi. Yalnız digər ölkələrdə deyil, heç Azərbaycanın özündə də Xəzərdəki problemlərə lazımi qədər diqqət yetirilmir. Bununla bağlı Xəzər elmi-tədqiqat mərkəzi açılmalıdır. Bu mövzuda müəyyən işlər gedir. Ancaq konkret bir nəticəsi yoxdur. Qazaxıstanda Xəzər Dənizi Mərkəzi yaradılıb. Bu ölkədə Xəzər Dənizi ilə bağlı böyük elmi tədqiqatlar aparılır".

Şöbə müdirinin sözlərinə görə, çəkilmələr ekoloji və iqtisadi problemlərə də yol açır. "Eyni zamanda dəniz nəqliyyatında olan problemlər də çoxalır. Demək olar ki, hər gün gəmilərin sahilə yan ala bilməsi üçün qazma işləri aparılır. Çəkilmə dənizsahili torpaqların şoranlaşmasına, infrastrukturun mahiyyətini itirməsinə,dəniz canlılarının yaşaması üçün mənfi şərait yaradır. Yay aylarında dəniz sahillərinin qızması oksigenin azalmasına, balıqların əsas yem bazası olan planktonların məhvinə gətirib çıxarır” - professor qeyd edib.

 

“Əsrin sonuna qədər Xəzərdə su səviyyəsinin 9-18 metr aşağı düşməsi proqnozlaşdırılır. Səviyyə təxminən 20 metrə yaxın aşağı düşə bilər. Hərçənd uzunmüddətli proqnoz olduğu üçün özünü doğrultması çox da real görünmür, amma hər halda bir siqnaldır. Xəzərdə suyun səviyyəsi 4-5 metr aşağı düşsə bu Şimali Xəzərin tamamilə quruması deməkdir. Çünki Şimali Xəzərin dərinliyi orta hesabla 5 metrdir” - professor bildirib.

 

O qeyd edib ki, dənizdə suyun enib-qalxması spiralvari hərəkətlər nəticəsində olur:

 

"Keçən və bu il yağıntıların çox olması Xəzərə tökülən çayların suyuna təsir etdi ki, bu da Xəzərin səviyyəsinə töhfə verdi. İki ildir Kür çayı Xəzərə çatmırdı, artıq çatır. Rusiya ərazisindən keçən Volqanın da suyunun artması su səviyyəsinə müsbət təsir edə bilər. Son vaxtlar Xəzərin səthindən olan buxarlanmalarda küləyin təsiri qabardılır. Biz tədqiqatlar apardıq, belə bir şey var. Xəzərin üzərində küləyin sürəti su səviyyəsinə çox təsir etməsə də, istiqamətində olan dəyişmələr səthdən buxarkanmanın daha da atmasına və son nəticədə səviyyənin aşağı düşməsinə səbəb olur”.

 

(Türküstan)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et