İllər boyu iqlim dəyişmələri mövzusunu araşdıran alimlərin bir qismi bunun inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrdəki tərəqqinin sürətinin qarşısının alınması üçün ortaya atılmış boş fikir olduğunu iddia etsə də, digərləri iqlim dəyişmələrinin bəşəriyyət qarşısında duran ən ciddi problem olduğunu izah etməyə çalışıb. İqlim dəyişmələrinin həqiqətən də baş verdiyini iddia edən alimlərin fikrinə əsasən, problemin kökündə Yer kürəsinin karbon-dioksid (CO2) və digər istilik effekti yaradan (parnik) qazların udulması potensialı durur. Bu nə deməkdir?
Müxtəlif növ tərəvəz və bitkilərin yetişməsi üçün lazımi temperaturu yaradan istilikxanalar kimi, atmosferdəki qazlar da günəşdən gələn istiliyi tutub saxlayaraq planetimizdə bizim yaşamağımız üçün zəruri istiliyi yaradır. Alimlərin hesablamalarına əsasən, əgər atmosferdə bu qazlar olmasaydı, onda Yer kürəsində orta illik temperatur təxminən -19° C olardı. CO2 və digər qazlar atmosferin üst qatlarında günəşdən gələn istiliyi tutub saxlamaqla bizi hədsiz istilikdən mühafizə edərək bir növ görünməz mühafizə zolağı yaradırlar. Beləliklə onlar dünyada insanların normal yaşaması və fəaliyyət göstərməsi üçün zəruri temperaturun formalaşmasında müstəsna rol oynayırlar. XX əsrin ortalarından etibarən sənayenin inkişafı və enerji əldə etmək məqsədilə üzvi maddələrin yandırılması nəticəsində atmosferdə CO2 və digər istilikxana qazlarının həcmi sürətlə arıb. Bu da öz növbəsində günəş istiliyinin atmosferdə daha çox miqdarda saxlanmasına səbəb olur.
Atmosferdə sərhədlərin olmaması və CO2-nin havada sərbəst hərəkəti, hətta yuxarıda adıçəkilən mənbələrin zəif inkişaf etdiyi və ya mövcud olmadığı yerlərdə temperaturun artmasına gətirib çıxarır. Bu da alimlər tərəfindən qlobal istiləşmə adlandırılır.
İqlim dəyişmələri insan inkişafına birbaşa təhlükədir. İqlim dəyişmələri dünyanın bütün ölkələrinə və hər kəsə təsir göstərir. Lakin dünyanın yoxsul insan təbəqələri iqlim dəyişmələrinə daha həssasdırlar. Onlar təhlükənin bir addımlığında dayanır və ona qarşı mübarizə aparmaq üçün çox az resursa malikdirlər. İqlim dəyişmələri Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq yolunda müxtəlif əngəllər yaradır, ölkələr daxilində və dövlətlər arasında bərabərsizliyi artırır. Əgər məsələyə vaxtında diqqət yetirilməsə, iqlim dəyişmələri gələcəkdə nəinki zəif inkişaf etmiş ölkələri, hətta varlı ölkə və gələcək nəsilləri də ağuşuna alacaq. Sevindirici haldır ki, iqlim dəyişmələri problemi indi təkcə elmi cəmiyyəti deyil, adi insanları, hökumət nümayəndələrini və siyasətçiləri də narahat etməyə başlayıb.
Suinfo.az xəbər verir ki, bu barədə Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun iqtisadiyyat və coğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Nəriman Paşayayev bildirib ki, Azərbaycan iqlim dəyişikliyinə qarşı böyük işlər görməlidir:
“Qlobal iqlim dəyişikliyi insanların həyat və təsərrüfat fəaliyyətinə təsir göstərir. Əgər hansısa ərazidə quraqlıq yaranıbsa, digər ərazidə sel, daşqın, sürüşmə baş verir. İnsanlar isə buna uyğunlaşmağa cəhd göstərirlər. Hazırda dünyada qlobal quraqlıq hökm sürür”.
Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi iqlim dəyişikliyinə qarşı görüləcək işlərə təkan verə bilər:
“İndiyədək ayrı-ayrı dövlətlərdə keçirilən COP tədbiri bu ilin noyabr ayında ölkəmizdə olacaq. Bu vaxtadək inkişaf etmiş ölkələr iqlim dəyişikliyinə qarşı mübarizə aparırdı. Biz də 2015-ci ildən sonra buna start verdik. COP29 Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Bu tədbir sayəsində torpaq örtüyünün qorunması, geoloji müxtəlifliyin bərpası, su hövzələrinin yaradılması kimi proseslərə diqqət arta bilər. Sözsüz ki, bu da öz növbəsində insanların ətraf mühitə qarşı olan diqqət və qayğısını artıracaq. Bu məsələdə təkcə alimlərin, təbiətin mühafizə komitəsinin, ayrı-ayrı nazirliklərin deyil, hər kəsin düşüncəsində dəyişiklik yaranacaq”.
Coğrafiyaşünas alim iqlim dəyişikliyinin fəsadlarının Azərbaycanda aydın görülə bildiyini deyib:
“İqlim dəyişikliyinin Azərbaycana ən böyük təsiri Xəzər dənizi ətrafında baş verib. Yəni Samurdan Astara çayına qədər ərazidə ən azı iki yüz metr dəniz geri çəkilib. Hətta həmin ərazidə elə yerlər var ki, orada üç yüz metr dənizin geri çəkilməsi müşahidə olunur. Quraqlığın gətirdiyi fəsadları Azərbaycanda aydın görmək mümkündür. Kür çayında da suyun azalması müşahidə olunurdu. Amma bu il yağıntıların çoxluğu suyun səviyyəsini bir az artırıb”.
N.Paşayev Paris Sazişinin müddəalarına əməl olunmalı olduğunu bildirərək əsas məqsədin 1,5°C hədəfini əlçatan səviyyədə saxlamaq və heç kəsi, əsasən də COP-un iştirakçı ölkələrini diqqətdən kənarda qoymamaq olduğunu söyləyib:
“Ətraf mühit həddindən artıq çirklənib. Bu da istilik temperaturunun qalxmasına səbəb olur. Arktika, Antarktika, Qafqaz buzlaqları artıq əriyir. Bu səbədən Paris Sazişinin Azərbaycan üçün böyük əhəmiyyəti var. Əslində dünyada atılan hər bir tullandı, karbon emissiyası uzunömürlülüyün qarşısını alır. Dünyada 230-dan çox ölkə var. Onlar düşünməlidirlər ki, dünya vahiddir. İndiyədək 28 belə konfrans keçirilib. İndi də Azərbaycanda keçirilir. COP tədbirləri göstərir ki, hər kəs öz ərazisini qayğı ilə qorumalıdır. Çirklənmələrə qarşı birgə mübarizə aparılmalıdır. Biz də Paris Sazişini dəstəkləyib öhdəlik götürmüşük. 2030-cu ilə qədər çirklənməni, tullantıların sayını azaltmalıyıq. Bu azalmanı ən azı 35 faiz bacarmaq lazımdır. Bunlar isə çox böyük işlərdir. Uzun tədqiqat, zəhmət tələb edir”.
Şöbə müdiri COP29-un ən mükəmməl işlərindən birinin alternativ enerjiyə keçid olacağını deyib:
“Azərbaycanda neft-qaz geniş istifadə olunur. Bəzi ölkələrdə isə kömürdən istifadə edilir. Lakin bunlar tükənir. Bu səbəbdən alternativ enerjiyə keçmək lazımdır. Paris Sazişinin əsas məqsədindən biri həm də dünyada tükənməyən enerjiyə keçməkdir. Tükənməyən enerji dedikdə günəş, külək, su, qabarma və çəkilmə enerjisi və s. nəzərdə tutulur. Bu enerjilər ətrafı çirkləndirmir və tükənmir. Temperaturu 1.5 C-də saxlamaqdan əlavə bacardıqca minimuma endirmək lazımdır. Siz təsəvvür edin temperatur iki dərəcə qalxsa, bütün Avropa suyun altında qala bilər. Bu məsələ dünyada hamını maraqlandırmalıdır. Azərbaycanın götürdüyü öhdəliyə əsasən, 2030-a qədər alternativ enerjidən 30 faiz istifadə olunmalıdır. Hazırda bu göstərici yeddi-on faizdir. Naxçıvanda və Qarabağda isə alternativ enerji istifadəsini maksimala, yəni 80 faizə qədər qaldıra bilərik”.
N.Paşayev vurğulayıb ki, qlobal temperaturun sabit saxlanılması çirklənmənin azalmasından asılıdırsa, Azərbaycanda yenidən emal müəssisələrinin sayının artırılması mütləqdir:
“Bütün istehsal müəssisələrində ətraf mühitə atılan tullantılar minimuma endirilməlidir. Buna aid böyük təlimlər keçirilməlidir. Bakı şəhərində cəmi bir tullantıların emalı zavodu var. Hər gün evlərdən zibil dediyimiz, amma xammal olan tullantılar çıxarırıq. Onların hamısı istehsala cəlb olunmalıdır. Biz isə xammalı ya basdırırıq, ya yandırırıq. ya da atırıq. Dünyada xammal çatışmazlığı yaşanır. Biz isə onu məhv edirik. Özümüzün tələbatını ödəmək üçün hər rayonda ən az bir tullantıların yenidən emalı zavodu olmalıdır. Həmin zavodların sayəsində tullantılar yenidən emal olunmalıdır. COP29 bu baxımdan dünyada yeni iş yerlərinin yaradılmasına zəmin yaradacaq”.
Qeyd edək ki, N.Paşayevin yaşıl və göy iqtisadiyyatdan bəhs edən yeni dərsliyi çapa hazırlanır.
(Report)