Kanalizasiya infrastrukturunun təkmilləşdirilməsi həmçinin, Xəzər dənizinə axıdılan təmizlənməmiş tullantı sularının həcmini azaltmağa imkan verəcək. Hazırda suyun keyfiyyətinin və sahilyanı ərazilərə axıdılan tullantı sularının həcminin müəyyənləşdirilməsi istiqamətində monitorinq fəaliyyətləri məhdud səviyyədə aparılır.
“Suinfo.az”ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Baş planda qeyd olunub ki, Suyun keyfiyyətini müəyyənləşdirmək və gələcəkdə suyun keyfiyyətinin müqayisəli təhlilini apara bilmək üçün sahil sularının keyfiyyətinin monitorinqi sxemi həyata keçirilməlidir.
Bundan başqa, qeyd olunub ki, suya tələbatın olduğu ərazilərdə (məsələn, ümumi istifadədə olan yaşıllıqların və park sahələrinin suvarılması üçün) suyun təkrar istifadəsinin (təmizlənmiş tullantı suları) təşviqi üçün imkanlar təmin ediləcək. Bu, Abşeron yarımadasında gələcəkdə su çatışmazlığı problemini aradan qaldırmağa və içməli su istehlakının həcmini azaltmağa kömək edəcək.
Baş Plan çərçivəsində 2040-cı ilə qədərki dövrdə Bakı şəhərində kompleks su idarəçiliyi strategiyasının tətbiqi təklif olunur. Bura mövcud tullantı su təmizləyici qurğuların təkmilləşdirilməsi və Böyükşor gölü (Bülbülə gölü ilə əlaqəli), Xocahəsən və Zığ gölü yaxınlığında yeni mərkəzləşdirilmiş tullantı su təmizləyici qurğuların inşası ilə bağlı təkliflər daxildir.