“Azneft” İstehsalat Birliyi (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu) və ABŞ-nin “Baker Hughes” şirkəti Azərbaycanda sualtı elektrik mərkəzdənqaçma sualtı nasoslarının yığılması və texniki xidməti üzrə birgə mərkəzin yaradılması barədə razılığa gəliblər.
Suinfo.az xəbər verir ki, bu barədə SOCAR məlumat verib.
“Bakıda “Baker Hughes” ESP texnologiyasının Azərbaycanda tətbiqi və elektrik mərkəzdənqaçma sualtı nasoslarının yığılması, təmiri və texniki xidməti üzrə ölkədə birgə mərkəzin yaradılması üzrə Öhdəlik Məktubunun imzalanması mərasimi keçirilib”, - Azərbaycan Dövlət Neft Şirkətinin məlumatında qeyd edilib.
Müqavilə mayın 22-də “Baker Hughes” şirkətinin Xəzər regionu üzrə direktoru Karlo Beltram və SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov arasında imzalanıb.
“Bütün hasilat proseslərini optimallaşdırmaqla səmərəliliyin artırılması və karbohidrogen hasilatının artırılması üçün şirkətlər arasında da razılıq əldə olunub”, - məlumatda deyilir.
Xatırladaq ki, “Baker Hughes” dünyanın aparıcı neft və qaz xidmətləri şirkətlərindən biridir. Şirkətin xidmətlərinə qazma, ehtiyatın qiymətləndirilməsi, yataqların işlənməsi və s. daxildir. Onun qərargahı ABŞ-nin Texas ştatının Hyuston şəhərində yerləşir. Şirkətin 120-dən çox ölkədə 54 000 işçisi var.