Bu gün Ekoloji Bilik Günüdür

Bu gün Ekoloji Bilik Günüdür

15 Aprel 2024, 15:24

Bu gün Ekoloji Bilik Günüdür.

 

Suinfo.az xəbər verir ki, 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin ətraf mühit problemlərinə həsr olunan konfransında bəşəriyyətin davamlı inkişafı üçün ekoloji təhsilin əhəmiyyəti vurğulanıb. Həmin vaxtdan etibarən hər il aprelin 15-i Ekoloji Bilik Günü kimi dünyanın bir çox ölkələrində qeyd olunmağa başlayıb.

 

Ekoloji Bilik Gününün əsas məqsədi ekoloji bilikləri təbliğ etmək və əhalinin ekoloji mədəniyyətinin formalaşdırılması, ekoloji təhlükəsizlik sahəsində işlərin vəziyyəti və ətraf mühitin vəziyyəti barədə ictimaiyyəti məlumatlandırmaq, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmə və təlim keçirməkdir.

 

Adətən bu gün ətraf mühit problemlərinə diqqəti cəlb etmək, ekoloji təmiz təcrübələri təşviq etmək və təbii həyatı qorumaq üçün maarifləndirməni artırmaq məqsədilə müxtəlif tədbirlərlə qeyd olunur.

 

Müasir dünyada ekoloji təhsilin əhəmiyyəti artıq şübhə doğurmur və bir çox ölkələrdə təlim və təhsilin prioritet sahəsidir. Əhali arasında ekoloji mədəniyyətin formalaşdırılması və təbii mühitə hörmətlə bağlı fəaliyyət bütün bəşəriyyət üçün təhlükəsiz gələcəyin açarıdır.

 

“Ekologiya” termini (yunanca “oikos” – ev, sığınacaq və “loqos” – elm, tədris) ilk dəfə 1866-cı ildə alman bioloqu Ernst Hekkel tərəfindən təqdim edilib. Müasir anlayışda ekologiya orqanizmlərin bir-biri ilə və ətraf mühitlə əlaqələri haqqında elmdir. Buna görə də bəşəriyyətin artan ehtiyacları ilə planetin azalan imkanları arasında ağlabatan tarazlığa nail olmaq, onsuz da pisləşən təbiət vəziyyətini bərpa etmək və qorumaq üçün dövrümüzdə hər kəs minimum ekoloji biliklərə və ətraf mühitlə qarşılıqlı əlaqəyə malik olmalıdır.

 

Ekoloji təhsil və maarifləndirmə ekoloji problemlərin həllinin ən mühüm vasitəsi kimi beynəlxalq səviyyədə tanınıb. BMT-nin 2005-2014-cü illər üçün elan etdiyi Davamlı İnkişaf naminə Təhsil Onilliyinin proqramına bütün dünyada ekoloji təhsilin inkişaf etdirilməsi vəzifəsi də daxil edilib ki, bu da bu gün də aktual olaraq qalır.

 

Qeyd edək ki, Ekoloji Bilik Günü təkcə ekoloji maarifləndirmə ilə məşğul olanlar üçün deyil, həm də planetimizin bütün sakinləri üçün əlamətdardır. Çünki söhbət hamımız üçün gələcəkdə təhlükəsiz həyatdan gedir. Bu gün ekoloji mədəniyyətin aşılanması gələcək nəsillərin sağlamlığının qorunmasının açarıdır.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et