Cəlilabad şəhəri fasiləsiz içməli su ilə təmin olunur

Cəlilabad şəhəri fasiləsiz içməli su ilə təmin olunur

Faydalı

5 Mart 2025, 11:05

Cəlilabad rayonunda su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri çərçivəsində Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən bir sıra işlər həyata keçirilib.

Bu barədə Suinfo.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. Bildirilib ki, bu işlər 2025-ci ildə də davam etdirilir. Belə ki, şəhərin küçə və prospektlərində qəzalı vəziyyətdə olan su xətləri təmir edilir və mövcud çatışmazlıqlar aradan qaldırılır. Əsasən də güclü şaxtalar nəticəsində yaranan su və kanalizasiya qəzaları idarənin qəza bərpa xidmətinin əməkdaşları tərəfindən operativ həll edilib.

Cəlilabad şəhərinin içməli suya təlabatını ödəyən daxili şəbəkənin uzunluğu şəhər üzrə 228,2 kilometr, kənd üzrə 31 kilometrdir. Su nasos stansiyalarının sayı 3 ədəddir ki, bunlar Masallı rayonunun Qəriblər kəndində, Cəlilabad rayonunun Privolnoye kəndində və rayonun Uzuntəpə kəndində yerləşir. İdarə ümumi olaraq 9185 abonentə xidmət edir, rayon üzrə sayğaclaşma 95,9 faizdir.

İdarə tərəfindən rayon ərazisində 1 ədəd Tullantı Sutəmizləyici Qurğu Kompleksi fəaliyyət göstərir. Çirkab su nasosxanalarının sayı isə 5 ədəddir. Bu nasosxanalar şəhərin müxtəlif küçələrində yerləşir. İdarə şəhərlə bərabər 2 kəndə də bu istiqamətdə xidmət göstərir.

Qeyd edək ki, Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Cəlilabad rayonunda 11305 hektar suvarılan torpaq sahələrinə xidmət edir. Bu sahələrin suvarılması üçün Cənubi Muğan Kanalından, 3 ədəd su tutarından və 123 ədəd subartezian quyularından istifadə olunur. Suvarma suyu 376 kilometrə yaxın suvarma kanalı vasitəsi ilə əkin sahələrinə çatdırılır. İdarə tərəfindən mütəmadi olaraq kanallar lildən təmizlənir və beton üzlüyə alınır. Bununla da su itkisinin qarşısı alınmış olur.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et