Xankəndidə su təsərrüfatı bərpa olunub.
Suinfo.az xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Regional Su Meliorasiya Xidmətinin Qarabağ Regional Sukanal İdarəsi peşəkar içşi heyəti ilə bütün Qarabağ üzrə su və kanalizasiya xidmətinin təşkili və idarəolunmasının təminatçısıdır. ADSEA Qarabağa qayıdış istiqamətində yerli sakinlərin işlə təmin olunmasına da töhfə verib. İdarənin əməkdaşları yerli sakinlər arasından müsabiqə yolu ilə seçilib.
Bildirilib ki, Xankəndi şəhəri işğaldan azad olunandan sonra düşmənin viran qoyduğu sukanal sahələrində bərpa işləri aparılıb.
Xankəndidə 2 Sutəmizləyici Qurğular Kompleksi fəaliyyətdədir. 1 Nömrəli Kompleksin içməli su mənbəyini Xəlfəli çayı, 2 Nömrəli Kompleksin su təchizatını Cəmilli və Ballıca kəndlərindən keçən çaylar təşkil edir. Şəhərdə 10 ədəd subartezian quyusu mövcuddur. Fəaliyyəti bərpa olunan 1 nömrəli Sutəmizləyici Qurğu vasitəsilə gündəlik 8 min kubmetr su təmizlənir. Bunun nəticəsində şəhər şəbəkəsi 24 saat su ilə təmin edilir.
Su təmizləyici qurğular vasitəsilə suyun təmizlənərək şəhər şəbəkəsinə nəqli həyatə keçirilir. Şəhər ərazisində su təsərrüfatı sahəsində təmir-bərpa işlərini sukanal sahəsinin peşəkar mühəndisləri və ustaları icra edirlər.