Leysan yağışları Qəbələ və Oğuzda ciddi fəsadlar törətdi

Leysan yağışları Qəbələ və Oğuzda ciddi fəsadlar törətdi

Ekologiya

26 İyul 2024, 11:38

Ötən gündən başlayan qeyri-sabit hava şəraiti şimal-qərb bölgəsində, xüsusilə Qəbələ və Oğuz rayonlarının bir sıra ərazilərində fəsadlara səbəb olub.

 

Suinfo.az xəbər verir ki, güclü leysan yağışlarının yağması nəticəsində dağətəyi ərazilərdən sel keçib.

 

Güclü yağışlar Qəbələdə sellə nəticələnib. Rayon ərazisindən axan Göyçay və Dəmiraparançayda suyun artması nəticəsində ətraf əraziləri su basıb. Tikanlı, Abrıx və digər dağətəyi kəndlərində yollara, bağlara və şəxsi təsərrüfatlara ziyan dəyib.

 

Güclü leysan yağışları Oğuz rayonunda da fəsadsız ötüşməyib. Rayonun Xaçmaz və Filfilli kəndlərinə sel gəlib. Qala çayından və kənddaxili çaylardan sel keçib. Çaylar məcrasından çıxıb, sel suları kənddaxili yolları yuyub, sakinlərin şəxsi təsərrüfatlarına ziyan dəyib.

 

Rayonların Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, selin yaratdığı fəsadları aradan qaldırmaq üçün dərhal işlərə başlanılıb. İlk növbədə, yollar daş-çınqıldan, lil qatından təmizlənib, nəqliyyatın hərəkəti üçün hər hansı problem qalmayıb. Eyni zamanda, çayların kənarında sel basma olan hissələrdə bəndlər dərinləşdirilib.

 

Bölgənin əksər rayonlarında baş verə biləcək sel təhlükəsini aradan qaldırmaq məqsədilə iri dağ çaylarının sahilində xüsusi ağır texnikalar cəlb edilib.

 

Şimal-Qərb bölgəsində hazırda da yağıntılı hava şəraiti müşahidə olunur, çaylarda suyun səviyyəsi artsa da hər hansı sel təhlükəsi müşahidə edilmir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et