İyunun 11-də leysan yağışla müşahidə olunan güclü külək Yevlax rayonuna ziyan vurub.
Suinfo.az xəbər verir ki, rayonun elektrik təsərrüfatına, Nərimanabad kəndinin giriş hissəsindəki avtomobil körpüsünə ziyan dəyib, şəhərdə, rayonun bir neçə kəndində evlərin həyətinə və əkin sahələrinə sel suları dolub.
Elektrik kabellərin zədələnməsi nəticəsində 40-a yaxın kənd və qəsəbənin elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Kanalizasiya xətləri su axınını çatdırmadığından yağış suları küçələrdə və prospektlərdə yığılıb, kiçik gölməçələr əmələ gəlib.
Fəsadın aradan qaldırılması üçün gecə saatlarından etibarən Yevlax Şəhər İcra Hakimiyyətinin, Şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri ərazilərdə olub, müvafiq işlərin həyata keçirilməsi üçün aidiyyəti qurumların canlı qüvvəsi və texnikaları cəlb olunub.