Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 465 min hektar sahədə (bundan 16 min 472 hektar təkrar əkin) orta hesabla 3,4 dəfə, o cümlədən dənli bitkilər 559 min 596 hektarda 2,4 dəfə, pambıq 94 min 759 hektarda 3,6 dəfə, tütün 2652 hektarda 4,5 dəfə, yem bitkiləri 422 min 950 hektarda 3,5 dəfə, bostan-tərəvəz bitkiləri 67 min 578 hektarda 6,2 dəfə, çoxillik əkmələr 155 min 203 hektarda 3,9 dəfə və həyətyanı sahələr 146255 hektarda 5,4 dəfə suvarılıb.
Suinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.
Onun sözlərinə görə, oktyabr ayından başlayaraq cari ilin məhsulu üçün əkilmiş taxıl sahələri arat və səpindən sonra suvarma suyu ilə təmin olunub, sözügedən əkinlər 481 min 725 hektarda 0,8 dəfə suvarılıb.
“Bütün suvarma mənbələrindən 9,85 milyard kubmetr su götürülüb və su istifadəçilərinə 7,23 milyard kubmetr su verilib. Hazırda əsasən kənd əhalisinin kommunal-məişət su təchizatı ilə yanaşı, növbəti ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin suvarma suyu ilə təminatı davam etdirilir”,- deyə Zaur Mikayılov vurğulayıb.
(Azərtac)