Kür çayındakı Avtomat Hidrometeoroloji Məntəqədən REPORTAJ

Kür çayındakı Avtomat Hidrometeoroloji Məntəqədən REPORTAJ

29 May 2024, 09:39

Kür çayının Ağstafa rayonu ərazisindəki Qıraqkəsəmən Avtomat Hidroloji Məntəqəsində hidroloqlar gücləndirilmiş iş rejimində çalışırlar.

 

Suinfo.az xəbər verir ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağış nəticəsində mayın 26-da Debed və Kür çayında suyun səviyyəsində kəskin artım qeydə alınıb. Qərb rayonlarından - Qazax, Ağstafa və Tovuzda daşqın fəsadlara yol açıb.

 

Qıraqkəsəmən məntəqəsi Kür çayının Azərbaycana daxil olduqdan sonra ilk hidrometeoroloji məntəqəsidir.

 

Məntəqə bu günlərdə mütəmadi olaraq çayın səviyyəsi barədə məlumatlar verir. Təhlükə qeydə alındıqda bu barədə bildiriş yayılır.

 

Elə son günlər Kürün səviyyəsinin təhlükəli həddə çatacağı barədə məlumat da məhz bu hidroloji məntəqədə qeydə alınmışdı.

 

Burada hidrometeoroloji xidmətin əməkdaşları tərəfindən tamasa və avtomatik radar qurğuları vasitəsilə Kür çayının səviyyəsi mütəmadi olaraq ölçülür.

 

Son günlər Kürün bu hissəsində ciddi artım müşahidə edilsə də, ötən gün axşam saatlarında səviyyə təxminən 35 santimetr enib.

 

Mütəxəssislər çayda son 14 ildə ən yüksək göstəricini qeydə alıblar. Bu hissədə Kürün səviyyəsi təhlükəli həddə - 628 sm-ə qədər qalxıb.

 

“Kür çayındakı vəziyyətlə əlaqədar gücləndirilmiş iş rejimində işləyirik. Gürcüstan və Ermənistan ərazisinə yağan leysan nəticəsində Xram və Debed çaylarında sel-daşqın hadisəsi baş verib. Həmin çaylar Kürə töküldüyü üçün hazırda respublikanın Qərb bölgəsində olan kürətrafı rayonlar sel təhlükəsi ilə üzləşib. Qərb bölgəsi üçün hazırda vəziyyət stabilləşir. Səviyyə enməyə davam edir”- deyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin qərb regional hidrometeorologiya mərkəzinin direktoru Əli Ağayev bildirib.

 

Artıq Kür çayında suyun səviyyəsi tədricən enməyə başlayır. Suyun səviyyəsini və digər lazımlı məlumatları toplaya bilmək imkanı olan avtomat hidroloji məntəqə 1982-ci ildən fəaliyyət göstərir. Burada ölçü işləri həm avtomat, həm də ənənəvi üsulla aparılır. Çünki avtomat qurğularda nasazlıq yarandığı təqdirdə belə, müşahidələr mütəmadi davam etdirilməlidir. Günəş panelləri ilə qidalanan avtomat hidroloji məntəqədə sel-daşqın təhlükəsi başlayandan məlumatlar saatda bir dəfə müşahidəçi hidroloq tərəfindən mərkəzə ötürülür. Son yüksək hədd mayın 27-i səhər saatlarında qeydə alınıb.

 

Hazırda Kürdə suyun səviyyəsi hidroloji məntəqədə izlənilir və nəzarətdə saxlanılır.

 

Qeyd edək ki son günlər daşqın və sel nəticəsində Qazax, Ağstafa və Tovuz rayonlarında Kür, Xram, Coğaz və Ağstafa çaylarında suyun səviyyəsinin kəskin qalxması nəticəsində ətrafa ciddi ziyan dəyib.

 

Əkin sahələri, təsərrüfat obyektləri və bəzi tikililər su altında qalıb. Hazırda qərb bölgəsində mülayim hava şəraiti müşahidə edilir.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et