Havaların yağıntılı keçməsi kənd təsərrüfatı üçün faydalıdır

Havaların yağıntılı keçməsi kənd təsərrüfatı üçün faydalıdır

23 Mart 2024, 09:50

Havaların yağıntılı keçməsi bölgədə payızlıq bitkilərin vegetasiya dövrünə təsadüf etdiyindən kənd təsərrüfatı sahəsi üçün faydalıdır.

 

Suinfo.az xəbər verir ki, bu sözləri Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun aparıcı məsləhətçisi Mikayıl İmanov söyləyib.

 

O bildirib ki, Aran zonasında, xüsusilə dəmyə şəraitində əkilən taxıl sahələrində intensiv yağışlardan sonra xüsusi canlanma müşahidə olunmaqdadır.

 

“Vegetasiya dövrünə uyğun aparılan kompleks aqrotexniki tədbirlər, həmçinin gəmiricilərə qarşı mübarizə tədbirləri, yemləmə gübrələrinin verilməsi davamlı yağıntılarla birlikdə taxıl sahələrində sürətli inkişafa səbəb olacaq. Yəni, məhsuldarlığın yuxarı olması üçün yağışın bol olması yaxşıdır. Torpağın müəyyən hissəsi nəmlənməlidir ki, bitkilər normal şəkildə inkişaf etsin. Bu baxımdan məhz belə payızlıq bitkilər üçün yağışların yağması müsbətdir və şübhəsiz ki, gələcəkdə taxılın bol məhsuldarlığına da təsirsiz ötüşməyəcək”, - deyə o əlavə edib.

 

Qeyd edək ki, bu il Biləsuvar rayonunda 34 min 295 hektar taxıl əkilib, bunun 9974 hektarını buğda, 24 min 321 hektarını isə arpa sahəsi təşkil edir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et