"Qız Qalası" hidroqovşağından yığılan su ilə Azərbaycanın 262 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq və 12 min hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin olunacaq.
Suinfo.az xəbər verir ki, bunu Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun (“Azdövsutəslayihə” institutu) baş mühəndisi Məmməd Əsədov Bakı Su Həftəsi çərçivəsində "Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının Su Ehtiyatları və yenidənqurma işləri" sessiyasında deyib.
"Qız Qalası" magistral kanalının tikintisi ilə Cəbrayıl və Füzuli rayonlarının 27 min torpaq sahəsi su ilə təmin ediləcək, eləcə də Araz boyu yerləşən rayonların 262 minə yaxın hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq",- M.Əsədov bildirib.
Onun sözlərinə görə, "Qız Qalası" su anbarından İran və Azərbaycan tərəfinə saniyədə 50 kubmetr su götürülməsi və Bərgüşudçay su anbarından əlavə qidalanma vermək üçün başlanğıcda sərfi 65 kubmetr və uzunluğu 52 kilometr olan magistralda kanalın tikintisi nəzərdə tutulur.