Xanbulançay su anbarında qurulan sintetik torlar yığışdırılıb

Xanbulançay su anbarında qurulan sintetik torlar yığışdırılıb

11 Mart 2024, 16:18

Lənkəranda yerləşən Xanbulançay su anbarında qurulan sintetik torlar Azərbaycan Balıqçılar İttifaqının təşəbbüsü ilə yerli balıqçılar tərəfindən yığışdırılıb.

 

Suinfo.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Məsələ ilə bağlı Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyevlə əlaqə saxladıq. Sədr bildirdi ki, ötən il Xanbulançaya 100 mindən çox balıq buraxılıb. Bu torlar da balıqların kütləvi məhvinə səbəb olur: “Biz uzun müddət idi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu mövzu ilə bağlı müzakirələr aparırdıq. Ötən axşam bu torların qurulmasını aşkarladıq və təmizlik işləri apardıq. Demək olar ki, qurulduqdan bir-iki saat sonra yığışdırmışıq. Bu ərazidə belə hala tez-tez rast gəlmək olur, çünki gecələr gizlin olaraq torlar qurulur. Lakin bundan sonra nəzarət daha da gücləndiriləcək. Ümid edirik ki, bir daha belə hallara rast gəlməyəcəyik. Çünki bu torlar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır, uzun müddət tullantı kimi qalaraq ətraf mühiti çirkləndirir”.

“Nəzərə alsaq ki, istifadəsi qadağan olunmuş sintetik torlarla su hövzələrində balıqların ovlanması cinayətdir, bəs onda bu torlar niyə satılır?” sualına cavabında isə Ə. Əliyev qeyd etdi ki, istər nazirlik tərəfindən, istərsə də ittifaqın sosial şəbəkə hesabında bununla bağlı tez-tez maarifləndirmə işləri aparılır: “Sadəcə olaraq insanlar hələ ipək torlardan istifadəyə vərdiş olmayıblar. Bu sintetik torlar onlara daha rahat gəlir və ucuzluğuna görə bunlara üstünlük verirlər. Buna görə də hansısa yollarla ölkəyə gətirilir”.

(Qafqazinfo)
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et