Əgər biz “yaşıl enerji”yə nail ola bilsək, dənizdə hasilatın azalmasından qorxu və həyəcan keçirməyəcəyik, Xəzəri dünya ilə birləşdirən kəmərləri alternativ enerji ilə təchiz edə biləcəyik.
Suinfo.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc "Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin artırılması" mövzusunda keçirilən konfransda deyib.
"İndi yalnız neft-qaz müqavilələri ölkəmizin iqtisadi-siyasi təhlükəsizliyinin qarantıdırsa, “yaşıl enerji” dəhlizini qura bilsək, 2030-cu ilədək “yaşıl artım”a nail olsaq, o zaman Zəngəzur dəhlizi ilə "yaşıl enerji ixrac kəmərlərinin çəkilməsi mümkün olacaq. Tam real bir perspektivdən bəhs edirik. O zaman Orta Dəhliz strategiyası öz həllini tapacaq", - deyə o qeyd edib.
Onun sözlərinə görə, COP-29 konfransının Azərbaycanda keçirilməsini bütün dünya ölkələrinin dəstəkləməsi işğal dövründə yerlə-yeksan edilən təbiət, qanunsuz talan edilən resurslar, təbiət abidələrinə qarşı görünməmiş vandalizm aktları, ekosid cinayətlərinin dünya tərəfindən etirafı kimi də yanaşa bilərik: "BMT Baş Assambleyası 2022-ci ildə tarixi qətnamə qəbul edərək “Təmiz və Sağlam Ətraf Mühit təminatını Universal İnsan Hüququ” elan edib. Beləliklə, 161 ölkənin dəstəyi ilə ekoloji insan hüquqları yeni nəsil insan hüquqları ailəsinə daxil olub. Bu əlamətdar hadisə nümayiş etdirir ki, üzv dövlətlər üçqat ekoloji böhran: iqlim dəyişikliyi, biomüxtəlifliyin yox olması və ətraf mühitin çirklənmə ilə mübarizə aparmaq üçün ortaq qanuni əsasa malikdirlər. Vətəndaşların sağlamlığına və həyat keyfiyyətinə təsir edən ətraf mühitin vəziyyəti dövlətin prioritetləri sırasındadır. Biz təbii ehtiyatlardan rasional istifadə etməli və ətraf mühiti qorumalı, ətraf mühitin mühafizəsi üçün yeni mexanizmlər tətbiq etməli, təmiz texnologiyaları inkişaf etdirməliyik. Biz cəmiyyətdə ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsinə, ətraf mühitə atılan tullantıların azaldılmasına, biomüxtəlifliyin qorunmasına nail olmalıyıq".