İşğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun qurulması Azərbaycan hökumətinin ən mühüm vəzifəsidir.
Suinfo.az xəbər verir ki, bunu Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən “Qarabağ regionunda su təchizatı və irriqasiya infrastrukturunun yenidən qurulması” adlı konfransda Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.
“İşğaldan azad edilmiş ərazilərdə 14 su anbarı var. Lakin məlum olduğu kimi, iqlim dəyişikliyi Qarabağ regionu da daxil olmaqla, su ehtiyatlarının azalmasına gətirib çıxarır. Buna görə də biz yeni su anbarları tikməyi planlaşdırırıq. Mütəmadi olaraq suyun keyfiyyətini ölçürük”, - deyə rəis müavini bildirib.
Onun sözlərinə görə, Qarabağdakı çayların əksəriyyəti artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilib: “Məsələn, Oxçuçayda suyun keyfiyyəti 4 dəfə yoxlanılıb və yoxlamaların nəticələrinə əsasən yüksək səviyyədə çirklənmə aşkar edilib”,- o əlavə edib.
Ə.Əsgərov COP29-un Bakıda keçirilməsi məsələsinə də toxunub: “Bu qlobal tədbir iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq həmrəyliyi gücləndirməyə kömək edəcək. “Yaşıl dünya naminə həmrəylik ili” Qarabağ regionunun su ehtiyatlarının inkişafına və bərpasına da öz töhfəsini verəcək”.
Rahib Ələsgərov