20 fevral 1917-ci il. Bakı əhalisi üçün çox əlamətdar günlərdən biri. Altı ildir davam edən “Şollar-Bakı” su kəmərinin tikintisi yekunlaşıb. Mənbəyini Bakıdan 187 kilometr uzaqdan götürən tərtəmiz içməli su təyinat nöqtəsinə çatıb. Bu münasibətlə təntənəli açılış mərasimi təşkil olunub. Fevralın 20-si tarixə “Şollar-Bakı” su kəmərinin istifadəyə verildiyi gün kimi yazılıb.
İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən su kəməri artıq 107 ildir Bakı əhalisini su ilə təmin edir.
Suinfo.az Azərtaca istinadən repotajı təqdim edir.
“Şollar-Bakı” su kəməri Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür.
AZƏRTAC-ın bölgə müxbiri su kəmərinin Şollar kəndindəki mənbəyində yerləşən Şollar-Bakı Su Qurğuları Kompleksinin suqəbuledici kamerasında, həmçinin kəmərin layiləndirilməsi, tikintisi və istismarı zamanı istifadə edilən əşyalardan ibarət sərgi otağında olub, burada çalışan əməkdaşlarla kəmərin 107 illik fəaliyyəti haqqında söhbət edib.
“Şollar-Bakı” su kəmərinin mənbəyi əsrarəngiz təbii mənzərəsi ilə diqqət çəkir. Ərazi uca şam və çinar ağacları ilə əhatə olunub.
Kompleks Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən çox ciddi mühafizə olunur. Əraziyə xüsusi icazə əsasında və sənədlər yoxlanıldıqdan sonra daxil olmaq mümkündür. Qeyd edək ki, hələ XX əsrin əvvələrində tikinti işlərinin təhlükəsizliyini təmin etmək üçün ilk dəfə Su polisi məntəqəsi də bu ərazidə yaradılıb.
Xaçmaz Su Mənbələri İstismarı Sahəsinin rəisi Namik Əliyev əvvəlcə bizi Şollar-Bakı Su Qurğuları Kompleksinin suqəbuledici kamerası ilə tanış edir. Burada Şahdağın ətəyindən süzülən yeraltı çaylardan və bulaqlardan gələn tərtəmiz suyun sifon tipli 4 tunel vasitəsilə bir mərkəzdə cəmləşərək “Şollar-Bakı” su kəmərinə axmasını müşahidə etmək mümkündür.
Namik Əliyev bildirir ki, Şolların mənbəyi artezian üsulu ilə qazılmış 24 quyu və lay sularından qidalanır. Birinci sifon tipli tunelə 16, ikinciyə 5, üçüncüyə isə 3 quyunun suyu daxil olur. Həmçinin dördüncü kaptaj xətti də var ki, bura lay suları və 32 bulaq qoşulur. Quyular mənbədən 2-3 kilometr şimalda “Şahdağ” silsiləsinə doğru meşəlikdə qazılıb.
“Bura “Şollar-Bakı” su kəmərinin başlanğıc nöqtəsidir. Bu tunellər vasitəsilə gələn sular burada bir yerə yığılıb kəmərə tökülür. “Şollar” kəməri ellipsoid formalı monolit betondan hazırlanmış borulardan çəkilib. Hündürlüyü 1,7, eni 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Borular özüaxımlı rejimi təmin etmək üçün ərazinin relyefindən asılı olaraq bəzi yerlərdə torpağın 2, bəzi yerlərdə isə 8 metr dərinliyində yerləşir. Bunun nəticəsidir ki, kəmər H.Z.Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özaxımlıdır. Buradan su nasoslar vasitəsi ilə Müşfiqabad qəsəbəsinə vurulur, oradan isə özaxımlı rejimdə Bakı şəhərinə nəql olunur”, - deyə Namik Əliyev söyləyir.
Kompleksin həyətində xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abisəsi ucaldılıb. Bura gələn hər kəs su kəmərinin çəkilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə Tağıyevin xatirəsini böyük minnətdarlıq hissi və ehtiramla yad edir.
“Şollar-Bakı” su kəmərinin mənbəyində həm açıq havada, həm də sərgi otağında XX əsrin əvvələrində kəmərin layiləndirilməsi, tikintisi və istismarı zamanı istifadə olunan əşyalar, texniki avadanlıqlar və fotolar nümayiş etdirilir.
Sahə ustası Valeh Tarıverdiyev bildirir ki, buradakı sərgi “Şollar-Bakı” su kəmərinin istifadəyə verilməsinin 100 illiyi münasibətilə yaradılıb.
“Mənbəyini Şollardan götürən 187 kilometrlik su kəmərinin tikintisinə 1911-ci ildə başlanılıb. Lakin kəmərin tikintisində fasilələr yarandığından Şollar suyu Bakı əhalisinə 1917-ci ildə çatdırılıb. Bu sərgi otağında kəmərin qazıntı işləri zamanı istifadə olunan avadanlıqlar, borular, laboratoriya avadanlıqları, cihazlar var. Tikinti prosesində çəkilən nadir fotoşəkillər də burada sərgilənir. Məsələn bu fotoda hələ kəmərin çəkilişindən öncə Bakıda çəlləklərdə su satışı bazarı təsvir olunub. O həmin vaxt idi ki, Bakıda təmiz içməli su yox idi. Bu səbəbdən bir sıra xəstəliklər yayılırdı. Bu foto isə kəmərin tikintisi zamanı betonun tərkibini yoxlamaq üçün yaradılan labaratoriyada çəkilib. Möhkəm olsun deyə o vaxtı betonda istifadə olunan çınqıl əvvəlcədən yuyulub təmizlənirmiş. Baxın həmin fotodakı bir sıra cihaz və avadanlıqla indi burada qorunub saxlanılır. Bunlar hamısı tarixin bir parçasıdır”, - deyən Valeh Tarıverdiyev bir-bir şəkilləri göstərir.
Sərgidəki əşyalar və fotolarla tanış olduqca insanın gözü qarşısında su kəmərinin çəkilişi prosesi canlanır. Həmin dövrdə məhdud texniki imknalarla, əl əməyi ilə belə bir böyük layihənin reallaşdırılması möcüzə kimi görünür.
Şollar-Bakı su kəmərinin çəkilməsi zamanı Lindley tərəfindən aparılan araşdırmalar bu suyun heç bir təmizləmə əməliyyatına ehtiyacı olmadığını, filtrdən keçirmədən insanlara çatdırmağın mümkünlüyünü təsdiq etmişdi. Bu gün fiziki cəhətdən sağlam nəslin yetişməsində bu gərgin və uzun illərin əməyinin böyük rolu var. Dənizə axan yeraltı çaydan mənbəyini götürən bu suyun tərkibi təbii minerallarla zəngindir.
“Şollar” su kəmərinin layihə gücü saniyədə 1,27 kubmetrdir (sutkada 109 min kubmetr). 1917-ci ildə istifadəyə verilən kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün təxminən 1/3 hissəsini təşkil edib. 1930-cu illərdə həyata keçirilən texniki tədbirlərdən - əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün 3,5 dəfə artırılmasından sonra nəql olunan suyun həcmi sutkada 109 min kubmetrə çatdırılıb.
Əbədi həyat mənbəyi olan Şollar suyu hazırda Xaçmaz, Ceyranbatan və Oğuz-Qəbələdən gələn su ilə anbarlarda qarışır və paytaxta paylanılır.