Bu gün Şollar-Bakı su kəmərinin çəkilməsindən 107 il ötür.
Suinfo.az xəbər verir ki, “Şollar-Bakı” su kəməri Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir.
“Şollar” kəməri ellipsoid formalı monolit betondan hazırlanmış borulardan çəkilib. Hündürlüyü 1,7 metr, eni 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Borular özüaxımlı rejimi təmin etmək üçün ərazinin relyefindən asılı olaraq bəzi yerlərdə torpağın 2, bəzi yerlərdə isə 8 metr dərinliyində yerləşir. Məhz bunun nəticəsidir ki, kəmər H.Z.Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özaxımlıdır. Buradan su nasoslar vasitəsi ilə Müşfiqabad qəsəbəsinə vurulur, oradanözaxımlı rejimdə Bakı şəhərinə nəql olunur.
Şollar mənbəyi artezian üsulu ilə qazılmış 24 quyu və lay sularından qidalanır. Birinci sifon tipli tunelə 16, ikinciyə 5, üçüncüyə isə 3 quyunun suyu daxil olur. Həmçinin dördüncü kaptaj xətti də var ki, bura lay suları və 32 bulaq qoşulur. Quyular mənbədən 2-3 kilometr şimalda “Şahdağ” silsiləsinə doğru meşədə qazılıb.
Rahib Ələsgərov